“Qayıdışın mübarək” adlı musiqili gecə keçirilib - Video+Fotolar

Tarix: 16.11.2023 22:45

Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə “İgidlərin Sözü” layihəsi çərçivəsində  Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı musiqili gecə keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, gecədə çıxış edən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov qeyd edib ki, üç il bundan əvvəl 44 gün davam edən Vətən Müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəman oğullarının yüksək döyüş hazırlığı nəticəsində zəfərlə başa çatıb.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimizin xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardığını bildirib.

Gecədə sözləri şair Arif Abdullazadəyə, musiqisi isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı” mahnısı ilk dəfə səslənib.

Tədbirdə iştirakçılar musiqi nömrələri ilə çıxış ediblər.

Sonda  səhnəyə çıxan “Söz” və “İqidlərin sözü” layihələrinin müəllifi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, Təhsil və Humanitar Komitəsinin sədri, şairə Nigar Həsənzadə gecədə iştirak edən hər kəsə, xüsusən də şəhid və qazi analarına təşəkkürünü bildirib.