Cümə axşamı, 18 Sentyabr, 2025
Tarix: 31.05.2025 11:39
FHN şəhid övladları üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı” günü” keçirib.
APA xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra uşaqlar FHN Akademiyasının Heydər Əliyev Mərkəzi, konfrans zalı, fənn kabinetləri və kitabxana ilə tanış olub.
“Açıq qapı” günündə uşaqlara FHN-in xilasediciləri və yanğınsöndürənləri tərəfindən yanğın-xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb.
Tədbir FHN-in İdman-sağlamlıq klubunun bazasında bədii hissə və klubun idmançılarının nümunəvi çıxışı ilə davam etdirilib.
Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, şəhid övladları üçün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı” günü tədbirləri Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində və FHN-in regional mərkəzlərində də keçirilib.