Baş prokuror Kamran Əliyev Qətərdə görüşlər keçirib

Tarix: 17 Dec 2025 14:41

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfəri davam edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində Qətər Dövlətinin Baş prokuroru İssa bin Saad Al Nuaiminin dəvəti ilə nümayəndə heyəti Qətər Dövlətinin Baş Prokurorluğunda görüş keçirib.

Qonaqları səmimi salamlayan Qətər Dövlətinin Baş prokuroru qurumlar arasında yüksək səviyyəli işgüzar münasibətlərin ölkələrimizin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını qeyd edib. Ölkəmizə səfərini xatırlayan ev sahibi ona göstərilmiş xüsusi diqqəti minnətdarlıqla xatırladığını bildirib.

Baş prokuror yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Bununla yanaşı, daha öncə imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı konkret tədbirlər, həmçinin digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Baş prokuror həmkarını ölkəmizə səfərə dəvət edib.

Tədbir çərçivəsində bir sıra beynəlxalq təşkilatların və ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad ilə görüşdə Baş prokuror Kamran Əliyev həmkarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib, nümayəndə heyətimizə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək qurumlar arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin olmasını qeyd edib.

Cari ildə ölkəmizə səfərinin xüsusilə yaddaqalan olmasını xatırladan ev sahibi, iki ölkənin qurumları arasında təcrübə mübadiləsinin vacibliyini qeyd etmişdir. Bununla yanaşı, birgə fəaliyyətlə bağlı Azərbaycan tərəfinin təşəbbüslərinin dəstəkləndiyi ifadə edilib.

Baş prokuror Kamran Əliyevlə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru John Brandolino arasında görüşdə qurumlar arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulması və bır sıra birgə layihələrin uğurla icrası vurğulanmışdır. Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv iştirakına görə təşəkkür edən Brandolino, ölkəmizin irəli sürülmüş digər təşəbbüslərinin də BMT tərəfindən dəstəkləndiyini ifadə edib.

Bundan başqa, Baş prokuror İran İslam Respublikasının Ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə ikitərəfli görüş keçirib.

Görüşdə dövlət başçıları arasında formalaşmış dost münasibətlərinin ölkələrimizin bütün sahələrdə ikitərəfli əməkdaşlığını yeni mərhələyə qaldırması vurğulanıb, hüquq mühafizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, cinayət törətmiş şəxslərin və məhkumların verilməsi sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə edilib.

Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüşdə Azərbaycanın Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkür ifadə edilməklə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Tədbir müddətində, həmçinin Baş prokuror Kamran Əliyev Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın cari Baş prokuroru Aleksandru Makedon və digər nümayəndə heyətləri arasında ikitrəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Selcan Zaurqızı Baş Prokurorluq Kamran Əliyev səfər Qətər

Xəbər Lenti