BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyevanın səlahiyyət müddəti bitib

Tarix: 17 Dec 2025 14:38

Dekabrın 17-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev BMT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rezident əlaqələndiricisi Vladanka Andreyevanı səlahiyyət müddətinin bitməsi münasibətilə qəbul edib.

APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşdə cari ilin oktyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış “2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ətrafında fikir mübadiləsi aparılıb. Sənədin milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə uyğunluğu, eləcə də onun praktiki nəticələrə çevrilməsi imkanları müzakirə olunub.

V. Andreyeva Azərbaycanda dörd il yarımdan artıq davam edən səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında formalaşmış yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa görə təşəkkürünü bildirib.

Sonda nazir S. Babayev rezident əlaqələndiricinin fəaliyyəti dövründə BMT ilə Azərbaycan arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

Firuzə Vahid BMT maliyyə naziri rezident əlaqələndirici səlahiyyət müddəti

Xəbər Lenti