Cümə axşamı, 18 Dekabr, 2025
Tarix: 18 Dec 2025 12:31
Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında sayca ikinci konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə APA-ya XİN-dən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətləri Departamentinin direktoru Raşed Nadhar Rahmah rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqi imkanlarına baxılıb.
Bununla yanaşı, iki ölkə arasında miqrasiya, ədliyyə, sərhəd, daxili işlər, təhsil, sosial və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2026-cı ildə Abu-Dabi şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
Firuzə Vahid Azərbaycan BƏƏ XİN konsulluq məsləhətləşmə

