Bolqarıstanda on minlərlə insan yenidən etiraz aksiyalarına çıxıb

Tarix: 19 Dec 2025 02:48

Bolqarıstanın paytaxtı Sofiyada və ölkənin digər şəhərlərində “Dəyişiklikləri davam etdiririk” partiyası və “Demokratik Bolqarıstan” koalisiyasından ibarət müxalif blokun (PP–DB) təşkil etdiyi növbəti kütləvi və dinc mitinq keçirilir.

APA xəbər verir ki, Sofiyada parlament binası qarşısında aksiya yerli vaxtla təxminən saat 18:00-da başlayıb və on minlərlə insanı bir araya gətirib.

Təşkilatçılar meydanda böyük ekranlar quraşdırıblar ki, toplaşanların hamısı baş verənləri izləyə bilsin.

Müxalifət liderləri mitinqi çərşənbə günü istefada olan hökumətin dövlət büdcəsi layihəsini yenidən parlamentin müzakirəsinə çıxarmaq cəhdindən sonra keçirməyə qərar veriblər.

Aksiya iştirakçılarının yeni tələbləri sırasında məhkəmə islahatlarının aparılması və etirazçıların fikrincə, səlahiyyət müddəti yayda başa çatmış respublikanın baş prokurorunun səlahiyyətlərini icra edən Borislav Sarafovun istefası yer alır.

Mitinq iştirakçıları həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini və bülletenlərin avtomatik emalı üçün xüsusi avadanlıqdan istifadə etməklə səsvermənin tətbiqini nəzərdə tutan seçki qanununa dəyişiklik edilməsini tələb edirlər.

Xəbər Lenti