AP-nin qətnaməsi Azərbaycanın təşəbbüskarı olduğu sülh və normallaşma prosesinə müdaxilə cəhdidir - RƏY

Tarix: 19 Dec 2025 12:15

İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində dünən keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev bildirib.

Deputat nəzərə çatdırıb ki, Ermənistanın 30 illik işğalına son qoymaqla Azərbaycan regionda yeni siyasi reallıq yaradıb: “Bu reallıq beynəlxalq hüquqa əsaslanır və yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş region üçün yeni əməkdaşlıq imkanları açır. Təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir”.

Parlament sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin pislənəcək: “Cənubi Qafqazda sülhün bərqərar olmasına müxtəlif üsullarla mane olmağa çalışan qüvvələr var və həmin qüvvələr Azərbaycan və Ermənistan arasında əməkdaşlığın yaranmasını qarşısını da almaq istəyirlər. Avropa Parlamentinin xislətinin təzahürlərindən biri onun suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdidir. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi nəinki onun xoşagəlməyən mərəzinə çevrilib, həmçinin fəaliyyət formasına çevrilməkdədir. Avropa Parlamenti uzun illər Azərbaycana qarşı qərəzli mövqeyi ilə ölkəmizi tənqid etmək hüququnu itirib. Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin pislənəcək”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, əslində Avropa Parlamenti bu gün Cənubi Qafqazda sülhü müzakirə etməli, Azərbaycan tərəfini də dəvət etməli idilər: “Dünən Avropa Parlamentindən bir nəfər mənə zəng etdi və dedi ki, o, Cənubi Qafqazda sülhdən danışıb. Azərbaycana qarşı əvvəlcədən hazırlanmış qətnaməni qəbul etməyə hazırlaşırdılar, amma Avropa Parlamentinin öz deputat sülhdən danışmağa başladı, Azərbaycanın onlara lazım olduğunu dedi”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov hesab edir ki, Avropa İttifaqının verdiyi Bəyanata cavab Prezidentin amnistiya ilə bağlı qanunvericilik təşəbbüsü, 20 min insanın azad olunmasıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi “işğal partiyası”na və təcavüzkarlığa 35 il verilən dəstəyin Qələbəmizdən sonrakı davamıdır: "Qərbli çinovniklər və deputatlarının nəzərində nəticəsini tanımadıqları Zəfərimiz hələ baş verməyib, avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır".

Firuzə Vahid Milli Məclis Avropa Parlamenti

Xəbər Lenti