Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 13:19
Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.
Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar genişləndirilir.
Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.
Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
Prezident İlham Əliyev Rusiya Mixail Mişustin təbrik məktub