Şənbə, 20 Dekabr, 2025
Tarix: 20 Dec 2025 14:55
20 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Monteneqronun ölkəmizdə səfərdə olan Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında görüş keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Ervin İbrahimoviç arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüş zamanı Azərbaycan-Monteneqro münasibətlərinin siyasi, iqtisadi, humanitar, turizm, parlamentlərarası əlaqələr və çoxtərəfli beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətləri müsbət qiymətləndirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ildə ölkəmizdə səfərinin, o cümlədən Monteneqro xarici işlər nazirinin cari səfərinin siyasi dialoqun davamlılığının təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.
Xarici işlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələri, mövcud ikitərəfli hüquqi baza, habelə qanunverici orqanlar arasında əməkdaşlıq üzrə dostluq qrupları kimi mexanizmlərin münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
İqtisadi əməkdaşlıq məsələlərinə toxunularaq, ikitərəfli ticarət dövriyyəsinin artırılması məqsədilə investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı faydalı sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından maksimum dərəcədə istifadə olunmasının əhəmiyyətini qeyd ediblər.
Humanitar sahədə əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğuna dair razılıq ifadə olunub.
Görüş zamanı tərəflər BMT, ATƏT və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı etimada əsaslanan əməkdaşlıq məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Regional məsələlər kontekstində Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və əldə olunan irəliləyişlər müzakirə edilib. Dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın konstitusiyası səviyyəsində Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi Nazir Ceyhun Bayramov tərəfindən bir daha vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, nazirlər tərəfindən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Monteneqronun Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” ünvanlanıb.
Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
***
12:41
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçlə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq platformalarda fəaliyyət daxil olmaqla Azərbaycan-Monteneqro münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər. Monteneqro Prezidenti Yakov Milatoviçin də iştirak etdiyi yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli siyasi dialoqun davamlılığının təmin edilməsində əsas amil kimi vurğulanıb.
Nazirlər ticarətin artırılması, investisiyaların təşviqi, bizneslərarası əlaqələrin gücləndirilməsi və birgə layihələrin irəlilədilməsinin vacibliyini qeyd ediblər. Həmçinin İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətindən səmərəli istifadə vurğulanıb.
Turizm, mədəniyyət və təhsil sahələrində humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi qiymətləndirilib və genişlənmiş mübadilələr alqışlanıb.
Nazirlər BMT, ATƏT və digər çoxtərəfli çərçivələr çərçivəsində əməkdaşlığı müzakirə edərək qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər. Regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və davamlı sülhə doğru səylər də görüş zamanı müzakirə olunub.
***
12:09
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş başlayıb. APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X-də paylaşım edib.
Firuzə Vahid Azərbaycan Monteneqro

