Cümə axşamı, 22 Yanvar, 2026
Tarix: 07 Jan 2024 21:45
Bakıda köhnəlmiş mənzil fondu əraziləri Baş Plan çərçivəsində müəyyən ediləcək.
APA xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, son onilliklər ərzində Bakı şəhəri sürətlə inkişaf edir, lakin buna baxmayaraq şəhərin mərkəzi ərazilərində müasir standartlara cavab verməyən və kommunal infrastruktur ilə təminat baxımından çatışmazlıqların olduğu köhnəlmiş mənzil fondunun yerləşdiyi ərazilər mövcuddur. Bu gün qeyd olunan ərazilər yeni inşa olunmuş binalar və inkişaf etmiş ərazilərlə əhatə olunub. Küçə və keçidlərin dar olması səbəbindən həmin ərazilərin əksəriyyətinin lazımi səviyyədə giriş-çıxış imkanları da yoxdur. Baş Plan çərçivəsində bu ərazilər müəyyən edilir. Belə ki, həmin ərazilər üzrə əlavə təhlillərin aparılması, ərazilərin yenidən qurulması və ya köçürülməsi ilə bağlı planlaşdırma konsepsiyalarının müəyyən edilməsi tələb olunur. Bu tapşırıq Baş Plana əsaslanmaqla, qanunvericiliyin tələblərinə uyğun cavabdeh qurumlar tərəfindən tamamlanmalıdır.
Köhnəlmiş mənzil fondu ərazilərinin qiymətləndirilməsi meyarları:
- Binalarda və yol infrastrukturunda kiçik yenidənqurma işlərinin aparılması, ictimai və sosial xidmət təminatının genişləndirilməsi;
- Binalarda və texniki infrastrukturda əsaslı yenidənqurma işlərinin aparılması, küçələrin genişləndirilməsi, sosial xidmətlərin əsaslı şəkildə genişləndirilməsi;
- Köçürülmüş ərazilərdə tikinti işlərinin aparılması (əhalinin köçürülməsi tələb olunur).