Azərbaycanda satınalan təşkilatlar, satınalma müqavilələr və etibarsız təchizatçıların reyestrləri aparılacaq

Tarix: 09 Jan 2024 11:18

Nazirlər Kabineti “Satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərinin aparılması Qaydaları”nı təsdiqləyib.

APA-nın xəbərinə görə, satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət

Dövlət Xidməti ( AİBNDX) tərəfindən aparılır.

Satınalan təşkilatlar barəsində aşağıdakı məlumatlar AİBNDX tərəfindən dövlət satınalmalarının vahid internet portalında (portal) yerləşdirilir:

- satınalan təşkilatın adı və VÖEN-i;

- təşkilati-hüquqi forması;

- rəhbəri;

- hüquqi ünvanı;

- tabe olduğu təşkilatın adı və VÖEN-i: (varsa)

- əlaqə vasitələri (elektron poçt ünvanı və telefon nömrələri);

əlaqələndirici şəxslərin:

- soyadı, adı, atasının adı;

- vəzifəsi;

- əlaqə məlumatları (elektron poçt ünvanı və telefon nömrələri).

Həmin məlumatlar əsasında AİBNDX tərəfindən satınalan təşkilatların reyestri aparılır.

Məlumatlarda dəyişiklik olduğu təqdirdə satınalan təşkilat tərəfindən 10 (on) iş günü

müddətində qeydiyyat məlumatlarında müvafiq düzəliş aparılır. Qeyd edilən düzəlişlərin reyestrdə öz əksini tapması AİBNDX tərəfindən təmin edilir.

AİBNDX satınalma komissiyasının portalda yerləşdirdiyi aşağıdakı məlumatları

əsasında satınalma müqavilələrinin reyestrini aparır:

- satınalan təşkilatın adı;

- müqavilə bağlanılmış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı);

- müqavilə bağlanılmış təchizatçının VÖEN-i;

- satınalma predmeti;

- müqavilə nömrəsi;

- satınalma metodu;

- müqavilənin məbləği və valyutası;

- imzalanma tarixi;

- icra müddəti (tamamlanma tarixi göstərilməklə).

Təchizatçılar aşağıda sadalanan hallarda etibarsız təchizatçıların reyestrinə daxil edilirlər:

- təchizatçı eyni satınalma üzrə birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə;

- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;

- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda, həmçinin təchizatçılardan biri digərinin

idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

- təchizatçı satınalmanın istənilən mərhələsində saxta sənəd və (və ya) məlumat təqdim etdikdə;

- satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönəldilən

sövdələşmə);

- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər,

övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ərarvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda;

- satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırdıqda və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanılmasından imtina etdikdə, habelə icra təminatını və ya tələb olunduğu halda avans təminatını 1 (bir) təqvim ili ərzində 3 (üç) dəfədən artıq təqdim etmədikdə;

- təchizatçılar satınalmanın istənilən mərhələsində Qanunun tələblərinə zidd digər hərəkətlərə (hərəkətsizliyə) yol verdikdə.

Etibarsız təchizatçıların reyestrində qalma müddəti ərzində təchizatçıların, o cümlədən həmin təchizatçıların iştirakı ilə birgə fəaliyyət aparmaq üçün müqavilə əsasında yaradılmış müvəqqəti və ya daimi birliklərin satınalmalarda birbaşa və ya subpodratçı olaraq iştirakına yol verilmir.

Etibarsız təchizatçıların reyestrinə daxil edilmiş təchizatçıların müəyyən müddətlərdə satınalmalarda iştirakı məhdudlaşdırılır:

Etibarsız təchizatçıların reyestrinə daxil edilmə tarixindən sonra 3 (üç) təqvim ili ərzində təchizatçı eyni səbəbdən təkrar etibarsız təchizatçıların reyestrinə daxil edildikdə bu reyestrdə qalma müddəti ümumilikdə 3 (üç) ildən çox olmamaq şərtilə həmin səbəbə görə müəyyən edilmiş müddətin 2 misli qədər, başqa səbəbdən təkrar daxil edildikdə isə sonuncu səbəbə görə müəyyən edilmiş müddətin 1,5 misli qədər hesablanır.

Xəbər Lenti