Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 16:09
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi beynəlxalq mediada geniş rezonans doğurub. Asiya, Amerika və Avropa mediası Azərbaycan Prezidentinin Çinlə münasibətlər, Qəzza məsələsi, beynəlxalq hüquq, enerji siyasəti və geosiyasi reallıqlarla bağlı fikirlərini geniş şəkildə işıqlandırıb.
Çin mediası: Azərbaycan–Çin münasibətlərində yeni mərhələÇin mediası yazır ki, Prezident İlham Əliyevin açıqlamaları Azərbaycan–Çin münasibətlərinin yeni və daha yüksək mərhələyə keçdiyini göstərir. Qeyd olunur ki, Bakı və Pekin arasında siyasi etimad möhkəmlənir, iqtisadi əməkdaşlıq genişlənir və tərəflər əlaqələri strateji tərəfdaşlıq çərçivəsində uzunmüddətli, dayanıqlı inkişaf modeli kimi dəyərləndirir. Çin nəşrləri vurğulayır ki, bu yanaşma həm ikitərəfli əlaqələrə güclü impuls verir, həm də regional sabitliyə töhfə kimi qiymətləndirilir.
“Azərbaycan Çinlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində görür və bu münasibətlər regional sabitliyə də töhfə verir”, - “Sinxua” agentliyi Prezident İlham Əliyevin fikirlərinə istinadən yazır.
Çin mediası: Dövlət Neft Fondu və qızıl strategiyasıÇin mediası vurğulayır ki, Azərbaycan Dövlət Neft Fondunun qızıl aktivlərinə yönəlmiş uzaqgörən investisiya strategiyası qlobal bazarlarda qiymətlərin kəskin artımı fonunda özünü tam doğruldub. Nəşrlər yazır ki, ehtiyatların peşəkar idarə olunması nəticəsində 10 milyard dollardan artıq gəlir əldə olunub və bu addım ölkənin maliyyə dayanıqlığının möhkəmlənməsinə xidmət edir. Qeyd olunur ki, qeyri-sabit beynəlxalq iqtisadi şəraitdə Azərbaycanın seçdiyi bu model bir çox ölkələr üçün uğurlu və nümunəvi strategiya kimi qiymətləndirilir.
ABŞ mediası: Azərbaycan Qəzzaya sülhməramlı göndərməyəcəkABŞ mediası yazır ki, Prezident İlham Əliyev Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməyəcəyini açıq və qəti şəkildə bəyan edib. Nəşrlər vurğulayır ki, rəsmi Bakı bu məsələdə ehtiyatlı və prinsipial mövqe tutur, yalnız real təhlükəsizlik zəmanətləri və hüquqi əsaslar olduğu halda belə təşəbbüsləri nəzərdən keçirə biləcəyini bildirir. ABŞ mətbuatının şərhlərinə görə, Azərbaycanın bu qərarı Qəzza ətrafında mövcud olan mürəkkəb və qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə birbaşa bağlıdır və ölkənin müstəqil xarici siyasət kursunu əks etdirir.
KFGO Prezident İlham Əliyevin sözlərinə istinadən yazır ki, Azərbaycan Qəzzaya sülhməramlı qüvvə göndərmək niyyətində deyil. Bildirilir ki, rəsmi Bakı yalnız real və hüquqi əsaslar olduğu halda belə missiyaları nəzərdən keçirə bilər.
SRN News və “Jewish Rhody” vurğulayır ki, Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə ehtiyatlı və prinsipial mövqe tutduğunu açıq şəkildə bəyan edib.
“NewsBreak” isə yazır ki, Azərbaycanın bu qərarı regiondakı mürəkkəb təhlükəsizlik vəziyyəti ilə bağlıdır.
Pakistan, Sinqapur, Banqladeş və Qazaxıstan mediasında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin mövqeyi təhlükəsizlik riskləri, müstəqil xarici siyasət kursu və regional reallıqlara realist yanaşma kontekstində təqdim olunur. Xarici KİV-lər Bakının bu qərarını Azərbaycanın milli maraqlara əsaslanan, şərtli və prinsipial mövqeyinin göstəricisi kimi qiymətləndirir.
Pakistan mediası: Bakı Qəzza planlarına qoşulmur“Pakistan Today” yazır ki, Prezident İlham Əliyev Qəzza ilə bağlı sülhməramlı missiyalarda iştirak etməyəcəklərini bildirib və bunun səbəbi kimi təhlükəsizlik risklərini göstərib.
Banqladeşin “BaşDhaka Mail” nəşri isə Prezident Əliyevin regionda davam edən münaqişələrə realist yanaşmasını önə çəkir.
Qazaxıstanın “Ulysmedia” və SMI24 Prezident İlham Əliyevin “Fələstin Azərbaycanı heç vaxt müdafiə etməyib” fikrini ön plana çıxarıb.
İran, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və İrlandiya mediasında Azərbaycan Prezidentinin beynəlxalq hüququn effektivliyinin azalması, qlobal siyasətdə ikili standartlar, enerji təhlükəsizliyi, ABŞ administrasiyalarına yönəlik tənqidlər və müasir geosiyasi reallıqlar barədə fikirlərini ön plana çıxarır. Məqalələrdə Bakının mövqeyi güc balanslarına əsaslanan realist yanaşma, artan enerji təsiri və dəyişən beynəlxalq sistem fonunda praqmatik siyasət kimi dəyərləndirilir.
İran mediası: Beynəlxalq hüquq artıq işləmir
“Tasnim” Prezident İlham Əliyevin “beynəlxalq hüquq faktiki olaraq mövcud deyil” fikrini manşetə çıxarıb.
"Fars News", "Dolatebahar" və "Vista" da Azərbaycan Prezidentinin müsahibəsini işıqlandırıb.
Özbəkistanın “qalampir.uz” saytı Prezident Əliyevin Baydeni sərt şəkildə tənqid etdiyini və onun siyasətini uğursuz adlandırdığını yazır.
İrlandiya mediası: Güc və reallıq mesajı
İrlandiyanın “EU Reporter” nəşri yazır ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizi, türk dünyası və müasir müharibə reallıqları barədə danışaraq, “əgər güclü deyilsənsə, haqlı olmağın mənası yoxdur” mesajını verib.
Prezident İlham Əliyev Çin mediası Azərbaycan–Çin münasibətləri müsahibə Qəzza