ING: Bu il neftin orta qiyməti 57 dollardan aşağı olacaq

Tarix: 09 Jan 2026 11:21

Brent neftinin 2026-cı ilin birinci rübü üzrə orta qiymət proqnozu 58 ABŞ dolları təşkil edəcək.

“APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ən böyük maliyyə qrupu olan "ING Group"un proqnozunda bildirilib.

ING hesab edir ki, neftin qiyməti 2026-cı ilin sonuna doğru azalmaqda davam edəcək. Belə ki, ikinci rüb üçün neftin qiyməti 56 dollar, üçüncü rüb üçün 58 dollar, dördüncü rüb üçün isə 54 dollar səviyyəsində proqnozlaşdırılıb. Başqa sözlə, neftin 2026-cı il üzrə illik orta qiyməti 56,5 dollar müəyyən edilib.

Qrupun proqnozuna görə, 2027-ci ildə isə neftin qiyməti yenidən 60 dolları ötəcək: "Brent neftinin orta qiyməti 2027-ci ilin birinci rübündə 58 dollar, ikinci rübdə 60 dollar, üçüncü rübdə 66 dollar, dördüncü rübdə isə 63 dollar olacağı gözlənilir".

Ümumilikdə ING neft qiyməti üzrə proqnozunu dəyişməz saxlayıb. Təbii qaz bazarında isə əvvəlki proqnozlarla müqayisədə bütün 2026-cı il üzrə aşağı korrektə aparılıb. Belə ki, Dutch TTF habında qazın 2026-cı ilin birinci rübü üzrə orta qiymət proqnozu 34 avrodan 33 avroya, ikinci rüb üzrə 28 avroya, üçüncü rüb üzrə 29 avrodan 27 avroya, dördüncü rüb üzrə isə 33 avrodan 30 avroya endirilib. 2027-ci il üzrə qaz proqnozlarında isə ikinci və üçüncü rüblər üzrə qiymət gözləntiləri 24 avro, dördüncü rüb üzrə isə 27 avro səviyyəsində saxlanılıb.

Rahim Tarıverdiyev ING neft Brent proqnoz

Xəbər Lenti