Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 16:56
13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.
Xüsusilə, enerji və təhsil sahələrində birgə layihələrin, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Bu gün Bakıda keçirilmiş Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının uğurla tamamlandığı, əldə olunmuş razılıqların iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Tərəflər həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən enerji və nəqliyyat layihələrində, alternativ enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Eyni gündə, Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, İtaliya tərəfdən isə nazir müavini Edmondo Çirielli rəhbərlik edib.
Ceyhun Bayramov İtaliya XİN siyasi məsləhətləşmələr
