Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib

Tarix: 21 Jan 2026 16:07

Yanvar ayının 21-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2025-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin 5-ci ildönümünün təntənə ilə qeyd olunduğu, “Konstitusiya və Suverenlik İli” elan olunmuş 2025-ci il xalqımızın və dövlətimizin tarixinə növbəti uğurlu il kimi daxil olub.

Qeyd olunub ki, dövlət başçısının prokurorluq əməkdaşlarına göstərdiyi yüksək qayğının nəticəsi olaraq hesabat ilində Pirallahı, Nəsimi və Binəqədi rayon prokurorluqlarının yeni inzibati binaları, habelə Bakı şəhər prokurorluğunun yeni korpusu açılaraq prokurorluq əməkdaşlarının istifadəsinə verilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, 2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14.104 cinayət hadisəsi qeydə alınmışdır ki, onların 93,4 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

Qeyd olunub ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 258 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 13.827.887 manat məbləğində maddi ziyanın 8.243.898 manatı və ya 59,6 %-nin ödənilməsi təmin olunub.

Paytaxtın daxili işlər orqanlarında 5484 cinayət işinin istintaqı tamamlanaraq, 4312 işin məhkəmələrə göndərilməsi təmin olunub.

Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.

Emin Şirvanzadə Bakı Şəhər Prokurorluğu əməliyyat müşavirəsi

Xəbər Lenti