Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 16:10
"Biz Azərbaycanda bir çox sahələrə, xüsusilə də müdafiə, enerji, su, texnologiya və kibertəhlükəsizlik sahələrində daha çox investisiya qoymaq istəyirik". “APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-İsrail biznes forumunda çıxışı zamanı İsrailin Xarici İşlər Naziri Gideon Saar deyib. O, azərbaycanlı iş adamlarını bu tərəfdaşlıq çərçivəsində investisiyalar yatırmağa səsləyib: “Bizim təklif edəcəyimiz çox şey var və biz bunları sizinlə bölüşmək istəyirik”, - deyə G.Saar vurğulayıb.
O qeyd edib ki, İsrail və Azərbaycanın ortaq cəhətləri çoxdur: “Mən inanıram ki, hər iki ölkə regionlarında sabitliyin tərəfdarıdır və inkişaf etmiş iqtisadiyyatlara malikdir. Biz hər ikimiz son illərdə ciddi çağırışlarla üzləşmişik, lakin bu çətinliklərdən daha da güclənmiş şəkildə çıxmışıq. Biz bu strateji tərəfdaşlığı növbəti mərhələyə daşımaq istəyirik. Qarşılıqlı investisiyaları və əlaqələri artırmaq niyyətindəyik. Əminəm ki, bunu bacaracağıq. Mən çox ölkələrə səfər edirəm və deyə bilərəm ki, ikitərəfli münasibətlərin bütün ölçülər üzrə ardıcıl şəkildə gücləndiyini görmək olduqca nadir haldır. Məhz bu da birlikdə nələrə nail ola biləcəyimizi göstərir”.
Əşrəf Mehdiyev İsrail Gideon Saar strateji tərəfdaşlıq