İsraillə qarşılıqlı investisiyaların yatırılacağı iqtisadi sahələr açıqlanıb

Tarix: 26 Jan 2026 15:57

Azərbaycanda İsrail investisiyaları ilə 130 kommersiya qurumu fəaliyyət göstərir.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan-İsrail biznes forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, iki ölkə arasında investisiyaların ümumi həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir:

“Ölkələrimiz geniş sahələri əhatə edən, real nəticələr verən güclü və praqmatik tərəfdaşlıq qurub. Bunun bariz nümunəsi Azərbaycan İnvestisiya Şirkəti (hazırda Azərbaycan Biznesinin İnkişafı Fondu kimi fəaliyyət göstərir) ilə İsrailin OurCrowd şirkəti arasında imzalanmış və icra edilən strateji əməkdaşlıq sazişidir. Bu çərçivədə Azərbaycan enerji, səhiyyə, kibertəhlükəsizlik, aqro-ərzaq və təhsil texnologiyaları sahələrinə fokuslanmaqla texnologiya və biznes əlaqələrini genişləndirmək məqsədilə investisiyalar üzrə danışıqlar aparır.

Əlbəttə ki, enerji sektoru əməkdaşlığımızın mühüm sahəsidir. Azərbaycan İsrailin enerji sektorunda təkcə təchizatçı deyil, həm də mühüm investor kimi çıxış edir. SOCAR BP və digər tərəfdaşlarla birlikdə İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsinin operatorudur. 27 dekabr 2025-ci il tarixində tərəflər birgə işlənmə sazişi imzalayıb və qazma üçün seysmik və hazırlıq işləri tam miqyasda aparılır”.

M.Cabbarov deyib ki, Tamar qaz yatağında 10 faiz payın əldə edilməsi tərəfdaşlığın möhkəmləndiyini göstərir:

“Əczaçılıq sektoru da israilli şirkətlərin Azərbaycanda layihələrini həyata keçirdiyi sahələrdən biridir. Su ehtiyatlarının idarə olunması və alternativ su mənbələrindən istifadə sahəsində fəaliyyətlərin genişləndirilməsi istiqamətində işlər davam edir. Eyni zamanda kənd təsərrüfatı ilə bağlı istehsal təşəbbüslərində suyun səmərəli təkrar istifadəsinin artırılması üzrə danışıqlar aparılır”.

“İsrail–Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycan və İsrail arasında biznes əlaqələrinin və investisiyaların təşviqində effektiv platforma kimi fəaliyyət göstərir”, - deyə nazir əlavə edib.

Əşrəf Mehdiyev Azərbaycan-İsrail biznes forumu investisiya

Xəbər Lenti