Avropa Azərbaycan Məktəbi və Libraff uğurlu əməkdaşlıqla şagirdləri sevindirir

Tarix: 14 Nov 2023 11:30

Avropa Azərbaycan Məktəbi və “Libraff” kitab mağazaları şəbəkəsi mütəmadi olaraq bir çox əhəmiyyətli mövzular ətrafında şagirdlərin maarifləndirilməsi, onların dünyagörüşünün formalaşmasında müsbət rol oynayan, eləcə də uşaqların maraqlı vaxt keçirməsini təmin edən rəngarəng layihə və tədbirlər həyata keçirir.

APA xəbər verir ki, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bu cür tədbirlər məktəblilər tərəfindən olduqca sevilir və böyük maraqla qarşılanır. Bu əməkdaşlığın növbəti təzahürü olaraq Libraff Park Akademiyada “Sağlam düşün və sağlam qidalan” adlı tədbir təşkil edildi. Tədbiri giriş sözü ilə açan “Libraff” mağazalar şəbəkəsinin əməkdaşı Sərxan Rüstəmov uşaqları salamlayaraq tədbirin məqsədi və sağlam qidalanmanın faydaları haqqında məlumat verib.

Sonra uşaqlar “Üç Alma” nəşriyyatının məhsulu olan eyniadlı kitabla tanış olublar. Nəşrdə uşaqlara sağlam qidalanma vərdişlərini aşılamaq üçün yer alan sağlam qida və yeməklər, onların əyləncəli və maraqlı formada hazırlanma qaydası göstərilib. Uşaqlar həmin kitabda göstərilən bir çox nümunələr əsasında parabüzən, gülən adam və müxtəlif formada sendviçlər hazırlayıblar. Şagirdlər böyük həvəslə hazırladıqları sendviçləri bir birlərinə nümayiş etdirdilər və öz əlləri ilə hazırladıqları təamlardan dadıblar.

Avropa Azərbaycan Məktəbi və “Libraff” Mağazalar Şəbəkəsi arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Balaca Şahzadə öz dostlarını ad gününə dəvət edir” adlı tədbir də uşaqlar tərəfindən maraqla qarşılanıb. “Balaca şahzadə” kitabının işiq üzü görməsinin 80 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə AAM və Dunya Məktəbinin şagirdləri iştirak ediblər. “Libraff” mağazalar şəbəkəsinin əməkdaşı Sərxan Rüstəmov tədbir iştirakçılarını salamlayıb və tədbir haqqında məlumat verib. AAM şagirdləri kitabdan müxtəlif hissələri səhnələşdirərək səhnəcik kimi təqdim ediblər. Ardınca uşaqlar eyniadlı cizgi filminə tamaşa ediblər. Daha sonra şagirdlər eko çanta üzərində kitabdan gotürülmüş müxtəlif obrazları rəngləyiblər. Uşaqlar üçün nəzərdə tutulmuş digər fəaliyyət isə face art idi. Uşaqların istəyi əsasında onların üzlərinə müxtəlif naxış və bəzəklər çəkilib.

AAM və “Libraff”ın birgə əməkdaşlığı ilə təşkil olunan tədbirlərin yaratdığı təəssürat uzun müddət uşaqların yaddaşında xoş xatirə kimi canlanır.

Xəbər Lenti