Rusiyadan Qazaxıstana qaz kəmərinin istifadəyə veriləcəyi ilkin tarix açıqlanıb

Tarix: 05 Feb 2026 14:54

Qazaxıstanın şimal regionlarının qazla təmin edilməsi məqsədilə inşa olunan İşim-Astana magistral qaz kəmərinin 2030-cu il 1 yanvar tarixində istismara verilməsi planlaşdırılır.

“APA-Economics”in Rusiyanın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Moskvadakı səfiri Dauren Abayev bildirib.

“Ölkəmizin şimal regionlarının qaz təchizatı baxımından “Qazprom” ilə İşim-Astana magistral qaz kəməri layihəsinin icrasına dair memorandumun imzalanması mühüm əhəmiyyət kəsb edir. İlkin olaraq müəyyən edilmiş müddətlərə əsasən, qaz kəməri 2030-cu il yanvarın 1-də fəaliyyətə başlamalıdır”, - diplomat qeyd edib.

Səfir iki ölkə arasında qaz tranziti məsələləri üzrə əməkdaşlığın dərinləşdiyinə də diqqət çəkib:

“Qazaxıstan ərazisi vasitəsilə Rusiyadan Özbəkistana qaz tranzitinin həcmləri planlı şəkildə artır. Bu layihə regional sabitliyin və Mərkəzi Asiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək”.

Emil İsmayılov Rusiya Qazaxıstan Özbəkistan qaz kəməri qazın tranziti

Xəbər Lenti