Cümə, 6 Ferval, 2026
Tarix: 06 Feb 2026 16:15
2025-ci ildə Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 5.4% artaraq 7 milyard 263.8 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan TDT-ə üzv ölkələrə ixrac 3 milyard 572.3 milyon ABŞ dollarına, idxal isə 3 milyard 691.5 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14.7%-nə bərəbər olub.
Qeyd edək ki, ötən il Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 42.6% artaraq 670.6 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 3.2 dəfə artaraq 795.2 milyon dolara, Türkiyə ilə ticarət dövriyyəsi 6.7% azalaraq 5 milyard 720.8 milyon dollara, Qırğızıstanla ticarət dövriyyəsi 93% artaraq 77.2 milyon dollara bərabər olub.
2025-ci ildə Azərbaycandan Türkiyəyə 597.3 milyon ABŞ dolları, Qazaxıstana 94.6 milyon ABŞ dolları, Özbəkistanda isə 75 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).
Şükran Məmmədov Azərbaycan -TDT ticarət dövriyyəsi Türk Dövlətləri Təşkilatı idxal ixrac xarici ticarət