Cümə axşamı, 14 May, 2026
Tarix: 14 Nov 2023 11:55
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində 14–17 noyabr tarixlərində “Xəstəxanaların idarəedilməsi” mövzusunda təlim təşkil olunur.
APA xəbər verir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş təlimin keçirilməsində məqsəd xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirməklə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinin idarəetmə mexanizmini beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır.
Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimin açılış mərasimində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, TİKA-nın koordinatoru Fatih Yılmaz, Ankara Universitetinin rektoru Necdet Ünüvar və universitetin Sağlamlıq Elmləri fakültəsinin dekanı Əminə Özmete, həmçinin dövlət tibb müəssisələrinin rəhbər heyəti iştirak ediblər.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, ötən il ümumilikdə 27 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankarada keçirilən təlimlərdə iştirak edib, Bakıda təşkil edilən 4 günlük təlimdə dövlət tibb müəssisələrindən 60 nəfər iştirak edəcək.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov xəstəxanaların idarə olunması üsulunun təkmilləşdirildiyini bildirib:
“Hazırda xəstəxanaların idarə olunması üsulunun təkmilləşdirilməsi istiqamətində çalışırıq. Mövcud proseslər icbari tibbi sığorta sistemi çərçivəsində yeni texnologiyaların tətbiqini, yeni maliyyələşmə mexanizmlərinin müəyyən olunmasını, infrastrukturun təkmilləşdirilməsini, işçi heyəti üçün iş yükünün azaldılması və resurslardan səmərəli istifadəni əhatə edir”.
Necdet Ünüvar isə universitetin müəllim heyəti tərəfindən aparılan təlim proqramının yerli xəstəxanalar üçün faydalı olacağını vurğulayıb. Fatih Yılmaz iki qardaş ölkənin müvafiq qurumları və mütəxəssisləri arasında təcrübə mübadiləsi istiqamətində aparılan işlərin əhəmiyyətli olduğunu açıqlayıb: "Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Azərbaycan və Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edərək möhkəmlənəcəyinə tam əminik”.




















