BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib

Tarix: 09 Feb 2026 11:20

Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu İsveçrə Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

"APA-Economics" xəbər verir ki, səfər çərçivəsində İcraçı direktora işğal dövründə tamamilə dağıdılan Ağdam şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş Planının icrası, müasir infrastrukturun formalaşdırılması, habelə Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

P.Loşevski həmçinin, Xankəndi şəhərinin mərkəzi hissəsi və əsas infrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa və yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin yaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlə tanış olub.

Şuşa şəhərinə səfər zamanı isə qonağa şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat təqdim olunub. Qeyd edilib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi regionun sosial, mədəni və iqtisadi həyatında mühüm rol oynayır.

Rahim Tarıverdiyev BVF IMF Ağdam Xankəndi Şuşa

Xəbər Lenti