- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 02.02.2024 13:20
Sahil metrosundan çıxıb özümüzü şəhərin səs-küyünə atırıq. Bizi küçə-küçə, addım-adım izləyən avtomobillərin səsi Milli Azərbaycan Tarixi Muzeyinə yaxınlaşdıqca atların ayaqlarının taqqıltısı, faytonun səsi ilə əvəzlənir.
Muzeyin qarşısındakı ab-havanı görən fotoqrafımız:
– Deyəsən, bizi gözləyirlər...
...Hacı Zeynalabdin Tağıyev haqqında filmin çəkilişləri gedir. Muzeyə yaxın küçələr və muzeyin qarşısı XIX-XX əsrləri xatırladır: atlar, fayton, qarovulçular, geyimli-kecimli bəylər...
Çəkilişlərdən dolayı uzun müddətdir, özlərini iki əsr öncəki ab-havaya öyrədən mühafizə xidməti birdən-birə bizi – standart geyimli jurnalistləri görüb təəccüblənir.
Tanışlıq verdikdən sonra müsahibimizin bizi gözlədiyini öyrənir və bir növ, tarixi arxamızda qoyub ona bu günün gözü ilə baxmaq üçün muzeyin ikinci mərtəbəsinə qalxırıq.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru tarix üzrə elmlər doktoru, professor Nailə Vəlixanlının APA-ya müsahibəsi
– Nailə xanım, biz müsahibəni, əslində, səhər saatlarında edəcəkdik, amma Özbəkistandan qonaqlarınızın olduğunu dedilər. Elə buradan başlayaq: bu cür görüşlərin muzey üçün faydalı tərəfləri nələrdir?
– Onlar hal-hazırda çox gözəl bir layihə üzərində işləyirlər. Layihənin məqsədi budur ki, Özbəkistanın mədəni sərvəti harada varsa, – dünya muzeyləri, kitabxanalar, əlyazmalar institutlar və digər, – onları tədqiq edib bu tədqiqat işini bir yerdə nəşr edirlər. Mən sizə bir şeyi deyim, bu təklifi mən bir neçə il öncə İqtisadiyyat Nazirliyinə etmişdim. Amma olmadı. Belə baxıram ki, reallaşacağı da gözlənilmir.
Sözsüz, bizim üçün irsimizin təbliği çox vacibdir. Vaxtilə olub, Azərbaycana aid sənət əsərlərinin dünya muzeylərində araşdırılması istiqamətində işlər görülüb. Amma bu çoxşaxəli olmayıb. Məsələn, sənətşünas Rasim Əfəndiyevin bununla bağlı balaca bir kitabı işıq üzü gördü: mövzu dünya muzeylərində Azərbaycan tarixinə dair materiallar və sənət əsərləri. Əlbəttə, bu, çox xırda bir araşdırma idi. Dünya muzeylərində Azərbaycana aid hədsiz sənət əsərləri var. Hal-hazırda bizim özbək həmkarlarımız özləri üçün bu işlə məşğuldurlar. Bununla bağlı 70 cild kitab hazırlayacaqlar. Hansı ki onun 35 cildi artıq hazırdır və bizə də verilib, 15 cildi üzərində isə iş gedir. Azərbaycandan Milli Tarix Muzeyi, İncəsənət Muzeyi, Xalça Muzeyi və Əlyazmalar İnstitutu bu layihə üçün özbəklərə dəstək verir, birgə işləyirlər. Bizim muzeydə özbəklərin tarixinə dair 60-dan çox eksponat var. Düşünürəm ki, bunların içərisində ən önəmlisi Buxara əmirinin Hacı Zeynalabdin Tağıyevə hədiyyə etdiyi gümüş və firuzə qaşlı dəstdir.
Bu layihənin tərtibatçısı mənə dedi ki, özbək mədəni irsinin təqribən 47 faizi Rusiya muzeylərindədir. Qalan 53 faiz isə ümumiyyətlə dünya muzeylərində toplanıb. Bu layihə onu göstərir ki, özbəklər öz mədəni irslərinə sahib çıxırlar. Bu layihə kifayət qədər vəsait tələb edir, amma, eyni zamanda, dəyər olaraq çox-çox dəyərlidir və bu qiymətə, bu vəsaitə və əziyyətə, təbii ki, dəyər. Bizim də dünya muzeylərində eksponatlarımız çoxdur. Yəni bizdə də bu cür layihəyə, şübhəsiz, ehtiyac var.
– Dediniz ki, özbək tərtibatçının sözlərinə görə, özbək mədəni irsinin 47 faizi Rusiya muzeylərində toplanıb. Bəs Azərbaycan mədəni irsinə dair belə bir konkret statistika varmı?
– Xeyr, təəssüf ki, bizdə bunun konkret statistikası yoxdur. Amma sizə onu deyə bilərəm ki, biz özümüz muzeyin daxilində yeni bir ekspozisiya yaratmışıq. 6 ilə yaxındır ki, muzeyimizin tarixi hissəsində ekspozisiya, demək olar ki, bağlıdır. Pandemiya, daha sonra bir sıra işlər və sair səbəbindən. Hazırda tarix üzrə yeni ekspozisiyanı təqdim etməyə hazırlaşırıq. Orada elə şeylər var ki, onlar bizim muzeylərdə yoxdur, hansısa dünya muzeylərində nümayiş olunurlar. ABŞ, Britaniya, Türkiyə... burada saxlanılan eksponatların surəti holoqramlarla bizdə nümayiş olunur. Bu həmin eksponatların Azərbaycana məxsusluğunu özündə ehtiva edir. Məsələn, hazırda Heydər Əliyev Mərkəzində Uzun Həsənə aid sərgi nümayiş olunur. Orada dünyanın müxtəlif muzeylərindən sözügedən tarixi şəxsiyyətə dair eksponatlar sərgilənir – gətirildikləri muzeyin adı, sözsüz, üzərində saxlanılmaqla.
Dünya muzeylərində, təəssüf, bizim elə eksponatlar var ki, İran adı ilə, ya Şərq adı ilə nümayiş olunurlar, bunlara xüsusilə xalçalarımız aiddir. Məhz bu eksponatların Azərbaycana aid olduğunu xüsusilə vurğulamaq, üzə çıxarmaq, təbliğatını aparmaq çox vacib məsələlərdir. Və bu prosesi birdən-birə dəyişdirmək, dərhal düzəliş etmək mümkün deyil. Bunun üçün ciddi tarixi mənbələrə əsaslanan dəlillər olmalıdır. Biz o dəlilləri tapmağa çalışırıq. Bu mənada, dünya muzeylərində nümayiş olunan və bizə məxsus eksponatların üzərinə onun Azərbaycana aidliyinin qeyd edilməsi olduqca vacib məsələdir.
– Bəs dünyanın ayrı-ayrı muzeylərində olan Azərbaycana məxsus eksponatların ölkəyə birdəfəlik gətirilməsi mümkündürmü? Ümumiyyətlə, bu istiqamətdə iş aparılırmı, yaxud aparılması nəzərdə tutulurmu?
– Muzey aləmində bu cür məqamlar çox nadir hallarda baş verir. Məsələn, Sovet hakimiyyəti yenicə qurulanda bununla bağlı müəyyən işlər görülmüşdü. Moskvanın qərarı ilə ayrı-ayrı ölkələrin muzeylərində Azərbaycana aid eksponatların ölkəyə qaytarılması ilə bağlı Sərəncam verilmişdi. Bizdə muzeyçiliyin tarixi də elə məhz həmin dövrə təsadüf edir, bu mənada, muzey ənənəsinin qurulmasında o eksponatların qaytarılması vacib idi. Və müəyyən eksponatlar da həmin vaxt qaytarıldı. Məsələn, Tiflisin hərbi muzeyindən xeyli eksponat gətirildi. Hazırda muzeyimizdə ən qiymətli eksponatlardan olan Azərbaycan xanlıqlarına aid bayraqlar, silahlar və digər tarixi eksponatlar da məhz o zaman qaytarılmışdı.
– Həmin eksponatlar ümumiyyətlə nümayiş olunur?
– Yox. Bunun bilavasitə səbəblərindən birini xüsusilə qeyd etmək istəyirəm ki, xanlıqların bayraqlarının xüsusi bərpa prosesinə ehtiyacı var. Buna görə biz nümayiş etdirsək belə, o bayraqların mulyajlarını təqdim edirik.
Bizdə həmçinin Rusiya imperatoru tərəfindən Azərbaycanın bəzi hərbi mərkəzlərinə verilən, – Naxçıvanda, Kəngərlidə, Zaqatalada, Şamaxıda, Şirvanda, – bayraqlar da var. Onları nümayiş etdirmək mümkündür. Çünki nisbətən tarixi baxımdan təzədir. Amma xanlıqların bayraqları döyüş meydanından gəlmədir deyə, vəziyyətləri o qədər də yaxşı deyil, ciddi bərpaya ehtiyac var.
– Bərpa edilirmi?
– Bu çox çətin və xeyli vəsait tələb edən bir prosesdir. Eləcə də bunları bərpa etmək üçün yüksək peşəkarlığa malik ustalar lazımdır.
– Azərbaycanda belə peşəkar bərpaçılar var?
– Var, amma azdır.
– Səhv eləmirəmsə, forumların birində bununla bağlı çıxış etmişdiniz.
– Doğrudur. Bilirsiniz, mən bu və bununla bağlı mövzularla bağlı çox yerdə çıxış etmişəm. Məni ən çox məmnun edən odur ki, həmişə bizim səsimizə səs verən cənab Prezident olub. Bu, həqiqətən də, vacib bir məsələdir. Məndən soruşanda ki, muzeyinizin hamisi kimdir? Mənim cavabım qəti olur: cənab Prezident.
Baxın, muzey özü, bir növ, köhnədir. Buradakı eksponatları bu şərtlər altında saxlamaq, qorumaq çətindir. Üstəlik, yeni əşyaların alınması da. İndiyə qədər Prezident tərəfindən 3 dəfə maliyyə ayrılıb. Bu maliyyənin sayəsində yeni əşyaların alınması, bərpası, şəraitin yaxşılaşdırılmasını həyata keçirmişik. Yeni əşyalar alınanda daha çox etnoqrafik əşyalar olur: xalçalar, silahlar, zərgərlik məhsulları və sair.
Söhbətin bu yerində Nailə xanımın iş telefonuna zəng gəlir. Telefon danışığından belə başa düşürəm ki, kimdirsə özündə olan tarixi əşyanı muzeyə satmaq istəyir. Amma ilin əvvəli olduğu üçün, müəyyən maliyyə məsələləri yerində olmadığı üçün Nailə xanım bunun hələ ki mümkünsüz olduğunu deyir.
Söhbətə diqqət kəsildiyimi görüb izah edir:
…nənəsindən qalma qabları var və muzeyə təqdim etmək istəyir. Təbii ki, ödənişlə. Amma, təəssüf ki, hazırda muzeyin o əşyaları almağa vəsaiti yoxdur.
– Bəs necə olacaq?
– Satacaq.
– Kimə?
– Kimə istəsə. Amma bu biz olmayacağıq.
– Nailə xanım, bu çox ciddi və təəssüf doğuran problemdir.
– Əlbəttə. Amma heç nə edə bilmərik. Yoxdur vəsait. Üstəlik, ilin başlanğıcıdır, indi üçün lap çətindir.
2000-ci ildə Ümummilli Lider Heydər Əliyev Muzey haqqında qanunu təsdiq etmişdi. Bu qanunu biz, muzey mütəxəssisləri Heydər Əliyevlə uzun müddət müzakirə etmişdik. Orada çox maraqlı detallar var. Muzey elə bir təşkilatdır ki, buraya, ilk növbədə, dövlət kömək etməlidir, dövlət tərəfindən maliyyələşməlidir. Yəni bizim müraciət edə biləcəyimiz, bir növ, yer yalnız dövlətdir. Sözün açığı, indi bizdə Hacı Zeynalabdin Tağıyev kimi adamlar da yoxdur ki, məsələn, gedib onlardan nəsə umaq, nəsə istəyək. Yoxdur. Yalnız ümid yerimiz dövlətdir, vəssalam.
– Məncə, elə siz dövlətdən bərk yapışın, indiki dövrdə Tağıyev kimi adamın olacağını gözləmək bir az sadəlövlükdür.
– Haqlısınız, amma olsalar, təbii, pis olmazdı. Muzey qanununda belə bir maddə var ki, əgər bir biznesmen, sahibkar muzey üçün müəyyən xərc çəkirsə, o həcmdə dövlətdən vergidən azad olunurdu. Bu sistem dünyanın bir çox ölkəsində davamlı tətbiq olunur. Bizdə bu qanun qəbul olunduqdan sonra Maliyyə Nazirliyinin qanunu da qüvvəyə mindi və elə bir situasiya yarandı ki, avtomatik olaraq Muzey haqqında qanundakı həmin bənd, bir növ, qüvvədən düşdü, yəni o adamlar vergidən azad ola bilmədi.
– Belə başa düşdüm ki, Muzey haqqında qanunda hazırda da o maddə var, amma Maliyyə Nazirliyinin sonradan qəbul etdiyi qanun elə situasiya yaradır ki, həmin proses gerçəkləşə bilmir. Hə?
– Hə.
– Sahibkarlardan giley edirik, amma bir şeyi də nəzərə alaq, bəlkə, məlumatsızdırlar. Yaxud bununla bağlı hər hansısa bir təbliğata ehtiyac var.
– Bizim müraciət eləməyimizdən də çox şey asılıdır. Elə şirkətlər var ki, biz onlara müraciət edən kimi heç o bayaq dediyimiz qanundan xəbərsiz şəkildə bizə sponsor dəstəyi göstərirlər. Məsələn, bu yaxınlarda Hacı Zeynalabdin Tağıyev haqında kitab nəşri üçün BP şirkətinə müraciət etdik. Şirkət dərhal həmin kitabın yüksək nəşrini həyata keçirdi. Yaxud şirkətlərdən biri şəhidlərlə bağlı eksponatlarımız üçün xüsusi qutularla bizi təmənnasız təmin etdi. Yəni belə müsbət hallar da var, amma həddindən artıq azdır.
– Muzeyə yeni əşyaların qəbulu məsələsinə toxunduq. Maliyyə və digər sıxıntı tərəfləri aydındır. Ümumilikdə proses necə baş verir?
– Bunun üçün hər bir muzeydə satınalma komissiyası olur və orada mütəxəssislər fəaliyyət göstərirlər. Yəni alınacaq əşyalar dövr və digər mətləblərə uyğun olaraq dəyərləndirilir. Əgər satanla razılıq əldə olunarsa, hesabına pul köçürülür və proses gerçəkləşir. Hər bir muzeyin büdcəsi olur, əlbəttə, bu büdcə çox olmur. Amma məhz o büdcənin hesabına satınalmalar həyata keçirilir. Mən bayaq da dedim, 3 dəfə cənab Prezidentə maliyyə ilə bağlı müraciət etmişəm və hər üçündə 1 milyon manat olmaqla bizə vəsait ayrılıb. Həmin büdcədən əlavə, təbii.
Muzey hətta, az qala, dağılma təhlükəsi ilə üzbəüz olanda, – söhbət 2004-cü ildən gedir, – məhz cənab Prezidentin xüsusi diqqəti və qayğısı hesabına əsaslı təmir olundu. 2005-ci ildə təmir davam edərkən gəlib yenidən təklif və tövsiyələrini verdi, 2006-cı ildə isə açılışında iştirak etdi. O zamana qədər bina o halda idi ki, işçilərin oturmağa belə stol-stulu yox idi. Yəni vəziyyət o dərəcədə kritik idi. .
– Nailə xanım, AMEA-nın nəzdindən çıxıb Mədəniyyət Nazirliyinin nəzdinə keçməsindən sonra muzey üçün nələr dəyişib?
– Bilirsiniz, 1936-cı ildən muzey AMEA-nın nəzdində olub. Bu illər ərzində biz hər il doktorluq, namizədlik dissertasiyaları müdafiə edirdik, hər il kataloqlarımız, müxtəlif elmi işlərimiz, nəşrlərimiz çıxırdı. Yəni muzeyimiz mədəniyyət və elm ocağı kimi paralel idi.
– İndi belə deyil?
– Biz Mədəniyyət Nazirliyinin balansında o şərtlə varıq ki, muzeyin elmi işini azaltmırıq, yüksək səviyyədə saxlayırıq. Muzey özünün eksponatlarını tanımırsa, onu qiymətləndirə bilmirsə, elmi baxımdan təhlil edə bilmirsə, o muzeyin funksionallığı bu olacaq: gəl, bax, get. Bizə belə fəaliyyət lazım deyil. Hər hansısa bir ziyarətçi tarix muzeyindəki eksponatın tarixini soruşsa, axı ona cavab verəcək kadr lazımdır. Bu baxımdan, bizim elmi fəaliyyətimiz yenə də davam edir. Və Mədəniyyət Nazirliyi ilə hazırda isinişmə dövründəyik. Amma, istənilən halda, bütün muzeylərdə elmi fəaliyyət gücləndirilməlidir.
Mən sizə bir şeyi də deyim, Mədəniyyət Nazirliyinə baxanda AMEA yığcam təşkilat idi. Doğrudur, orada bir çox institutlar var, amma sistemlilik, bir növ, vahid idi. Mədəniyyət Nazirliyi həddindən artıq böyük və şaxəli bir qurumdur. Muzeylər, teatrlar, kino, sənətşünaslıq, musiqi... say-say bitməz. Bunları kompakt şəkildə idarə etmək, problemləri ilə məşğul olmaq çox çətindir. Muzeyin elə şeyləri var ki, onu ixtisaslaşmayan adam heç vaxt başa düşməz, düşə bilməz. Burada fondlar var, onların hərəsinin özünəməxsus işi var. Bizim başımızın üstündə duran ad və qurum bu işi bizdən daha yaxşı bilməlidir ki, istiqamət verə bilsin. Nazirlikdə muzeyə dair şöbə var, yəqin ki, zamanla sistemləşdiriləcək. Sadəcə, bizdə muzey də çoxdur. Onların hər biri ayrıca qayğı tələb edir. Akademiyanın nəzdində cəmi 4 muzey var idi, o zaman idarəçilik daha asan idi, indi nə bilim?!
– Siz işin, bir növ, problem tərəflərini sayırsınız, aydındır. Bəs təklifiniz varmı?
– Bilmirəm, bəlkə də, bir muzey agentliyi yaradılmalıdır. Olsa, muzey işini bilən adamlar kompakt halında bu işi idarə edər deyə düşünürəm. Və idarəçilik səmərəli olar.
– Kino Agentliyi var, yaradılıb, sizcə, kino sahəsində səmərəlilik nə dərəcədə hiss olunur?
– Gəlin tələsməyək. Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin, bayaq da dediyim kimi, üzərində iş çoxdur. Onlardan gözlənti də çoxdur. Bu mənada, qəti şəkildə onları qınamamalıyıq, əskinə, mümkün dəstəyi vermək lazımdır.
– Muzeyin neçə işçisi var?
– 185.
– Nailə xanım, bayaq Uzun Həsənlə bağlı sərgidən danışdıq. Bəs bizdə niyə tarixi şəxslərə, yaxud konkret hadisələrə həsr olunan sərgilər olmur?
– Niyə olmur ki? Olur.
– Axı xəbərimiz olmur. Mən, məsələn, məlumatsızam.
– Baxın, mən indi sizə bu günlərdə Mədəniyyət Nazirliyinə təqdim etdiyimiz və son 20 ildə muzeyimiz tərəfindən təşkil olunan sərgilərimizin konkret siyahısını göstərəcəyəm.
Masanın üzərindəki kitabçaları, qovluq və sənədləri bir xeyli qarışdırır, amma tapmır.
Fürsət ikən sualımı bir az da aydına çıxarıram.
– Olsa belə, görünür, təbliğatı yaxşı aparılmır. Məsələn, Uzun Həsənlə bağlı sərgiyə şəxsən mənə dəvətnamə gəlmişdi.
Nailə xanım kar-kağızların arasında məşğuldur. Sualıma o qədər də fikir vermir. Bir xeyli axtardıqdan sonra axır ki siyahını tapır və sevincək şəkildə mənə təqdim edir: buyurun, bu da siyahı.
Siyahıya nəzər salıram. Son 20 il ərzində Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunan muzeylər, onların keçirildiyi konkret tarix və məkanlar qeyd olunub: zərgərlik, Şah İsmayıl Xətainin hökmdarlığı və sərkərdəliyi, Karvansara ilə bağlı, Qafqaz-İslam Ordusuna dair, Muğam aləmi, Qarabağ, XVIII əsrə aid yeni tapılan Ağşu şəhəri, Azərbaycan dövlətçiliyinə dair... Nailə xanım xronoloji ardıcıllıqla sərgilər barədə olduqca geniş izah verir. Sərginin keçirilməsinin səbəbi, qonaqların marağı, reaksiyalar, məkan və digər...
Nəticədə, sualın istiqamətini bir qədər dəyişirəm.
– Aydındır. Muzeydə İkinci Dünya müharibəsinə aid, bildiyimə görə, çoxlu eksponat var. Sırf bununla bağlı ayrıca sərgi etmək olmaz?
– Olar. Bilirsiniz, biz planlaşdırırıq, amma bu planlaşdırma üçün müəyyən səbəb lazımdır. Səbəb o mənada ki, məsələn, Məhəmməd Əmin Rəsulzadənin bu il 140 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Prezidentin Sərəncamı var. Bu səbəbdən, biz də muzey olaraq, bu əlamətdar hadisəyə töhfə verəcəyik: Rəsulzadənin Ev Muzeyi, Xəzər Universiteti, Varşava Universiteti və bizim muzey İkinci Beynəlxalq Rəsulzadə Qiraətləri adında dördgünlük tədbir həyata keçirəcəyik. Onun bir günü bizim muzeydə baş tutacaq. Yəqin ki, fikrimi izah edə bildim.
Ümumilikdə il ərzində 2-3 sərgimiz keçirilir, kataloq və kitablarımızın nəşri də həmçinin buraya aiddir.
– Muzeyin ərazi baxımından əlverişsiz yerdə olması... Hansı ki bu fikri siz dəfələrlə səsləndirmisiniz.
– Bilirsiniz, heç olmasa, muzeyin ətrafı avtomobillərdən təmizlənsə, nisbətən, belə deyək də, yola vermək olar, eybi yoxdur. Amma çox çətindir. Bizə əsas muzeyin sahəsinin genişləndirilməsi lazımdır. Muzeydə 300 mindən çox eksponat var, nümayişə isə cəmi 2500 civarında eksponat çıxarılır, qalanları fondlarda saxlanılır. Bu baxımdan, muzeyin sahəsi genişləndirilməlidir. Muzeyin bir hissəsində cənab Prezidentin tövsiyəsi ilə 10 otaqdan ibarət Tağıyevin ev muzeyini açdıq. Bu da muzeyin tarix hissəsinin sahəsini azaltmış oldu.
– Muzey neçə otaqdan ibarətdir?
– 101 deyirlər, amma deyirlər... Konkret deyə bilməyəcəyəm. Otaqlar çoxdur. Amma təsəvvür edin ki, elə yer var ki, biz yüz ili balaca bir vitrinə salmağa məcbur olmuşuq. Bayaq özbəklər qonağımız idi, dünən qazaxlar. Siz gedib onların tarix muzeylərinə baxsanız... Doğrudur, bura bina cəhətdən çox gözəldir, amma, hesab edirəm, məsələn, bura eləcə Tağıyevin ev muzeyi kimi daha uyğun və əlverişlidir.
Muzeyin yeni binasının tikilməsi üçün, bildiyimə görə, razılıq var. Amma hələ ki imkan daxilində həyata keçirilmir. Biz bu dəqiqə Qarabağda bərpa və quruculuq işləri aparırıq. Amma tarix muzeyinin özü də tarixi əhəmiyyətli və strateji bir anlayışdır, obyektdir. Siz düşünün, birinci mərtəbədə gəzin, soyuqdan gəzə bilməyəcəksiniz. Elə eksponatlar var ki, 5 dərəcə temperaturda saxlanılır, eləsi olur, rütubətli yerdə, yaxud əksi olan yerdə.
– Bu sadaladığınız şərtləri muzeyin hazırkı binası ödəyir?
– Çox-çox çətinliklə və qismən. Yəni tam olduğunu deyə bilmərəm. Bu muzey ölkənin ən böyük muzeyidir. Bizim təkcə numizmatika fondumuzda 120 mindən çox material var.
– Yaxşı bəs muzeyə maraq necədir? Bayaq sərgilər haqqında danışdınız. Bu sərgilərə gələnlər kimlərdir?
– Muzeyə maraq çoxdur. Biz həm də bunun üçün xüsusi iş aparırıq. Uşaqlarla, tələbələrlə görüşlərimiz olur. Hansısa önəmli hadisə ilə bağlı xüsusi məktəblərlə danışırıq, o uşaqlara məhz burada mövzularla bağlı dərslər keçirilir, məlumatlandırılırlar. Biri var, uşaq mövzunu kitabdan oxuya, biri var muzeydə gözü ilə o dövrü görə, tanış ola. Sözsüz, bu daha faydalıdır.
– Bu dediyiniz şeylər Bakı məktəblərinə aiddir. Bəs bölgələr?
– Tək Bakı deməyək, Bakıya yaxın ərazilər də bura daxildir.
– Nailə xanım, Bakı şəhəri aydındır. Milli Tarix Muzeyi sonuncu dəfə hansı bölgəmizdə olub və orada sərgi nümayiş etdirib?
– Biz bölgələrdə sərgi etmirik. Sonuncu dəfə sərgimiz Şuşada olub.
– Niyə bölgələrimizdə sərgi etmirsiniz?
– Bunun üçün lazımi şərait lazımdır. O şərait yoxdur. Bölgələrimizdəki muzeylərin çoxunda eksponatların qorunması məsələsi də yaxşı deyil. Biz hansısa eksponatı göndərəndə arxayın olmalıyıq ki, ona zərər dəyməyəcək. Axı böyük məsuliyyətdir. Amma Bakıdakı muzeylərdə eksponatlarımız sərgilənir. Məsələn, hazırda İncəsənət Muzeyində İrəvana aid sərgidə 50-dək eksponatımız nümayiş olunur. Eləcə də bayaq Uzun Həsənin sərgisini dediniz. Bizim orada 50-dən çox eksponatımız var. Yaxud Xəzər Gəmiçilik Muzeyində də 20 yanvara həsr olunmuş sərgidə 100-dən artıq materialımız var. Demək istədiyim odur ki, Bakı daxilində bunları etmək problemsizdir, amma bölgələrdə çətin.
Amma bir şeyi deyim, vaxtilə Gəncədə sərgi təşkil etmişik. Şəhərin girəcəyindəki qədim binada bir xeyli eksponatı nümayiş etdirmişdik. Eləcə də onu da deyim ki, biz yeni yaradılan muzeylərə də kifayət qədər köməklik göstəririk.
– Xarici ölkələrdəki muzeylərlə necə? Əlaqələr varmı? Sərgilər təşkil olunurmu?
– Norveçdə, Vatikanda, Çexiyada, Slovakiyada bizim zamanla sərgilərimiz olub. Eləcə də Norveçin, Çexiyanın, yaxud Qazaxıstanın bizdə sərgi günləri həyata keçirilib. Yəni kifayət qədər əlaqələrimiz var. Sadəcə, pandemiyadan sonra bir az durğunluq yaranıb, bu doğrudur. Pandemiyaya qədər əlaqələr, görüşlər daha sıxlıqla təşkil olunurdu. Yəqin ki, zamanla yenidən əvvəlki axara düşəcəyik. Hətta Çin muzeyləri ilə də əlaqələrimiz var, əməkdaşlıq edirik.
– Ümumiyyətlə, eksponatların xaricə aparılması necə həyata keçirilir?
– Oy!.. Bu çox çətin və məşəqqətli prosesdir.
– Bunun üçün xüsusi reys ayrılır?
– Yox. Sadəcə, bunun üçün Dövlət Gömrük Komitəsinin, Mədəniyyət Nazirliyinin, həm də ki, muzeyin nümayəndəsi olmalıdır. Onların xüsusi icazəsi olmalıdır. Və nəhayət, bunun üçün çox böyük vəsait olmalıdır. Mən sizə açıq deyim, biz xarici sərgilər edəndə çalışırıq ki, bizim xərcləri qarşı tərəf qarşılasın. Vatikandakı sərgini, doğrudur, Heydər Əliyev Fondu həyata keçirmişdi. Amma ümumilikdə, muzeyimiz xarici sərgiləri etmək istədikdə, çalışırıq ki, vəsaiti qarşı tərəf ödəsin.
– Bayaq təklif etdiniz ki, Muzey Agentliyinin yaradılması səmərəliliyi artırar. Sizcə, agentlik olarsa, bax danışdığımız bu problem həlli tapar? Məsələn, siz hansısa xarici ölkədə sərgi keçirmək istəsəniz, vəsait olacaq?
– Yox, onu heç cür təsəvvür etmək, yaxud yekdil fikir səsləndirmək mümkün deyil. Mən, sadəcə, agentlik olarsa, müəyyən mənada, işin səmərəliliyinin arta biləcəyindən əminəm. Siz bilirsiniz, vəsait məsələsi Mədəniyyət Nazirliyinin, yaxud muzeyin istəyi ilə, tələbi ilə müəyyənləşən məsələ deyil.
– Muzeyin tarix hissəsinin bağlı olduğunu dediniz. Biz indi o hissəyə baxa bilməyəcəyik?
– Yox. Siz açılışı gözləməlisiniz. Artıq hər şey hazırdır. Yəqin ki, yaxın zamanlarda muzeyin tarix eksponatları olan hissəsinin təmirdən sonrakı açılışı baş tutacaq.
– Hal-hazırda muzeyə gələn ziyarətçilər muzeyin hansı hissəsinə baxa bilir?
– Yalnız Hacı Zeynalabdin Tağıyevin ev muzeyi olan hissəsinə. Vəssalam.
– Biz baxa bilərikmi?
– Əlbəttə.
Bununla da, müsahibəni yekunlaşdırıb müsahibənin gedişində dəfələrdə adını və xeyriyyəçi tərəflərini hallandırdığımız böyük azərbaycanlı Hacı Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət edirik. Bu hissə haqqında əlavə nələrsə yazmağa lüzum yoxdur. Muzeyin qapısı hər kəsin üzünə açıqdır.
Ziyarətimizi yekunlaşdırıb muzeyin qapısından çıxırıq. Düz çıxışda fayton dayanıb. Ətrafında dövrə uyğun geyimdə adamlar hərəkətdədir, küçə büsbütün həmin tarixi dövrü özündə əks etdirən formadadır. Filmin çəkiliş prosesi olduğundan dediklərimizi lentə almırıq. Faytonun qarşısından keçib əsas yola çıxmaq istəyirik ki, təşkilatçılar bizi saxlayır:
– Siz əks istiqamətdə gedin, zəhmət olmasa. Buraya indi Tağıyev gələcək...
Dayanıb Tağıyevlə rastlaşmaq, Nailə xanımın sahibkarlarla bağlı iradlarını, gileylərini ona çatdırmaq istəsəm də, bir andaca “Motor” sözünü eşidib dərhal əks istiqamətdə yolumuza davam edirik.
Foto - Rüfət Mustafayev ©️ APA GROUP