Cümə axşamı, 14 May, 2026
Tarix: 14 Nov 2023 12:54
Paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Əziz Ələkbərli deyib.
Deputat qeyd edib ki, elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsait azdır:
“Hər il dövlət büdcəsindən elmin inkişafına xeyli vəsait ayrılır. Amma həmin məbləğin nə qədər hissəsi birbaşa alimə çatır, bax bu sual maraqlıdır. AMEA-da elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır. Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı təşkil edib. Yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır. Doğurdanmı bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?! Doğurdanmı güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!. Alimlərə verilən dərəcə pulu 60-100 manat kimi qalıb. Fəlsəfə doktoruna hər biri üçün iki çörək, elmlər doktoru üçün isə üç çörək pulu verilir. Bəlkə bu doğurdan da alimə verilən elmi dərəcə pulu yox, elə çörək puludur. Hesab edirəm ki, elmimiz və alimlərimiz bu münasibətə layiq deyil”.