Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 17:14
Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında bildirib.
O, bu gün Macarıstanın Ukraynaya dizel yanacağının tədarükünü dayandırmaq barədə qərar qəbul etdiyini qeyd edib.
Nazir “Drujba” boru kəmərindən Macarıstana neft tədarükü bərpa olunmayana qədər bu qərarın qüvvədə qalacağını vurğulayıb. O, buna görə Ukrayna Prezidenti Volodimir Zelenskini ittiham edib. Siyarto əlavə edib ki, Macarıstan Ukraynanın enerji təhlükəsizliyində mühüm rol oynadığı halda, Kiyev qəsdən Budapeştin enerji təchizatını riskə atır.
XİN rəhbərinin sözlərinə görə, Ukraynaya təbii qaz, elektrik enerjisi və dizelin böyük bir hissəsi ya Macarıstandan, ya da ki, onun ərazisindən keçən enerji infrastrukturu ilə idxal olunur: “Öz təchizatımız risk altında olduğu halda, başqa bir ölkənin enerji təhlükəsizliyinə zəmanət verməyimizi heç kim bizdən gözləyə bilməz. Enerji əməkdaşlığı qarşılıqlı şəkildə olmalı və hörmətə əsaslanmalıdır, təzyiqə yox”.
Qeyd edək ki, iki gün əvvəl “Drujba” boru xətti ilə Macarıstan və Slovakiyaya neft tədarükü dayandırılıb.
Toğrul Quluzadə Macarıstan Ukrayna dizel Siyarto Drujba boru kəməri