Zelenski müharibə zamanı seçkilərin keçirilməsi üçün əsas şərtləri açıqlayıb

Tarix: 19 Feb 2026 07:16

“İki aylıq atəşkəs əldə olunarsa, Ukrayna nəzəri olaraq seçkilər keçirə bilər”.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Düşünürəm ki, tərəfdaşlarımız bir suala cavab verməlidirlər: onlar nə istəyirlər? Onlar əsl seçkilər istəyirlər, yoxsa sadəcə məni əvəz etmək istəyirlər? Düşünürəm ki, ruslar sadəcə məni əvəz etmək istəyirlər. Bunun mədəni bir yolu var - seçkilər. Amma insanlara təsir edə bilməzsən, onlar kiminlə yaşadıqlarını seçməlidirlər", - Zelenski bildirib.

Zelenski vurğulayıb ki, Vaşinqton Ukraynaya sülh gətirə bilsə, o ABŞ-ın müəyyən seçki təkliflərini heç vaxt bloklamaz.

"Əgər bizdə seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəs olsa, mən parlamentlə danışmaq və onları dəstəkləmədikləri – hətta cəmiyyətin də dəstəkləmədiyi – müharibə zamanı seçkilərin keçirilməsinə razı salmaq üçün əlimdən gələni edəcəyəm. Hətta iki aylıq atəşkəs əldə olunsa belə, bu, müharibənin başa çatması demək deyil", - Zelenski əlavə edib.

Eyni zamanda prezident vurğulayıb ki, bunun üçün insanlar sülh məsələsi ilə bağlı referendumda öz mövqelərini bildirməli, parlament isə qüvvədə olan qanunvericiliyə dəyişikliklər etməlidir.

Xəbər Lenti