Zelenski: Həm Vaşinqton, həm də Moskva müharibənin dayandırılması üçün Donbasın Rusiyaya güzəştə gedilməsini tələb edir

Tarix: 21 Feb 2026 01:21

"Həm amerikalılar, həm də ruslar deyirlər ki, əgər müharibənin sabah başa çatmasını istəyirsinizsə, Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır". APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "France 24" telekanalına müsahibəsində bildirib. Zelenski vurğulayıb ki, Ukrayna müharibəni uduzmur. “Demək olmaz ki, biz müharibəni uduzuruq. Açığını desəm, biz onu qətiyyən uduzmuruq”, – deyə o bildirib.

Məlumata görə, həm Vaşinqton, həm də Moskva Kiyevə təzyiq göstərərək dörd ildir davam edən müharibənin dayandırılması üçün mümkün razılaşma çərçivəsində Donbasın Kremlə güzəştə gedilməsini tələb edir.

Ukrayna lideri qeyd edib ki, ölkədə seçkilər yalnız müharibə başa çatdıqdan sonra keçirilə bilər. Onun sözlərinə görə, Rusiya seçkilərin tez keçirilməsində israr etməklə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır: “Açıq danışaq, ruslar sadəcə məni əvəzləmək istəyir”.

Zelenski əlavə edib ki, Ukrayna qüvvələri cəbhənin cənub istiqamətlərində irəliləyiş əldə edib. “Bu gün ordumuzu və bütün müdafiə qüvvələrimizi təbrik edə bilərəm, çünki hazırda 300 kvadrat kilometr ərazi azad edilib”, – deyə o bildirib.

Xəbər Lenti