Cümə, 27 Ferval, 2026
Tarix: 27 Feb 2026 09:02
Yetkinlik yaşına çatmayan şübhəlilər barədə məlumatların açıqlanmasının tam qadağan edilməsi təklif olunur.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.
Məruzəyə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 222.7-ci maddəsinə və "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 15.1.5-ci maddəsinə yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasının istisna halları göstərilmədən qadağan edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir.
O cümlədən "Uşaq hüquqları haqqında" Konvensiyanın tələblərindən irəli gələrək Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 123-2-ci maddəsinə cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının cinayət prosesinin iştirakçıları tərəfindən yayılmasını qadağan edən müddəanın əlavə edilməsi, zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması, bu yaşda olan şəxslərin psixikasına, sağlamlıq durumuna və davranışına mənfi təsir edə biləcək halların müəyyən edilməsi və məhdudlaşdırıcı tədbirlərin görülməsi, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək fərdə və ya bir qrup şəxsə və ya hüquqi şəxsə qarşı texniki və ya mənəvi zərər vermə ilə nəticələnən davranışlara hüquqi qiymət verilməsi məqsədilə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə "Kiber zorakılıqla bağlı müddəaların daxil edilməsi zəruri sayılır.
Firuzə Vahid Yetkinlik yaşına çatmayan şübhəlilər məlumatlar