İlin sonunadək Xocalının Xanabad kəndində daha 41 ev istismara hazır olacaq

Tarix: 27 Feb 2026 16:14

Xocalının Xanabad kəndində ümumilikdə 276 ev var. Onlardan 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq.

APA xəbər verir ki, bu barədə kəndə təşkil olunan media-turda jurnalistlərə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib.

Qeyd edilib ki, bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb. Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində “Xanabad” kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.

Qeyd edək ki, işğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid “Aslan qalası” memarlıq abidələri var.

Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Elgün Gəncimsoy Xocalı Xanabad kəndi

Xəbər Lenti