Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 12:50
AniPay mobil tətbiqinin və anipay.az saytının fəaliyyətinin dayandırılması qərara alınıb.
"APA-Economics" bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, AMB tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən AniPay mobil tətbiqinin və anipay.az internet səhifəsinin fəaliyyəti dayandırılır.
Bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviq edilməsi məqsədilə qəbul edilib. Qeyd olunan tarixdən etibarən analoji xidmətin maliyyə sektoru iştirakçıları tərəfindən davam etdirilməsi nəzərdə tutulur. Belə ki, AniPay funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.
AniPay tətbiqinin və internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.
Qeyd edilib ki, bu qərar Mərkəzi Bankın ödəniş xidmətlərinin təşviqinə yönəlmiş inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak üçün şərait yaradacaq.
Mərkəzi Bank bundan sonra da rəqəmsal ödəniş ekosistemində sağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təmin olunmasını diqqətdə saxlayacaq.
Rahim Tarıverdiyev Mərkəzi Bank Anipay