Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 14:36
Cənub Qaz Dəhlizi (CQD) Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib və Azərbaycan qarşıdakı illərdə qaz tədarükünü daha da artırmaq potensialına malikdir.
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
"Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji infrastruktur layihələrindən biridir. Layihə güclü siyasi iradə, tərəfdaşlar arasında koordinasiya və ortaq strateji baxış əsasında reallaşdırılıb", - Vitali Bəylərbəyi qeyd edib.
Onun sözlərinə görə, 2026-cı il fevralın 1-nə qədər CQD vasitəsilə ümumilikdə təxminən 91,4 milyard kubmetr qaz nəql olunub. Bunun 55 milyard kubmetrdən çoxu Avropa ölkələrinə çatdırılıb.
Vitaliy Bəylərbəyi bildirib ki, 2025-ci ildə Avropa istehlakçılarına təxminən 7 milyard kubmetr qaz ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə təxminən 60% artım deməkdir. Hazırda Azərbaycan qazı 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzv dövlətinə tədarük olunur.
O bildirib ki, “Şahdəniz” yatağı CQD-nin əsas mənbəyidir və istismara verildiyi vaxtdan 2026-cı ilin fevralınadək 267 milyard kubmetr qaz və 52,7 milyon ton kondensat hasil olunub. Təkcə ötən il yataqdan 27,4 milyard kubmetr qaz və 3,8 milyon ton kondensat çıxarılıb.
Emil İsmayılov qaz ixracı