Cümə axşamı, 5 Mart, 2026
Tarix: 03 Mar 2026 15:17
Trans-Adriatik Boru Kəməri (TAP) üzrə kommersiya fəaliyyətinin başlanmasından bu günə qədər infrastrukturdan istifadə edən qaz daşıyıcılarının sayı 3-dən 47-yə yüksəlib.
"APA-Economics" xəbər verir ki, bunu "TAP AG" şirkətinin icraçı direktoru Luka Skiepatti Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib.
Onun sözlərinə görə, TAP ötən il kommersiya əməliyyatlarının 5 illiyini qeyd edib və bu müddətdə həm texniki, həm də əməliyyat baxımından dayanıqlı fəaliyyət nümayiş etdirib. Layihə yüksək təhlükəsizlik göstəricilərini qoruyaraq sabit və etibarlı nəql sistemi kimi mövqeyini möhkəmləndirib.
"Yunanıstandakı kompressor stansiyasında aparılan genişləndirmə işləri nəticəsində kəmərin ötürmə qabiliyyətinin ilk mərhələdə illik 1,2 milyard kubmetr artırılması təmin edilib. Bu genişlənmə bazar tələbinə uyğun şəkildə həyata keçirilib", - Luka Skiepatti qeyd edib.
TAP rəhbərliyi bildirib ki, 2022-ci ildən etibarən geosiyasi şərait və artan tələbat fonunda kəmərin əməliyyat çevikliyindən istifadə olunaraq nominal layihə gücündən əlavə həcmlər bazara təqdim edilib.
Şirkət nümayəndəsi vurğulayıb ki, hazırda 2025-ci il üzrə bazar testi davam edir və əlavə ötürmə gücünün artırılması yalnız bazar marağı əsasında həyata keçiriləcək.
"TAP aşağı karbonlu qazların nəqli imkanlarını da qiymətləndirir. Şirkət tərəfindən hidrogen və digər aşağı emissiyalı qazların daşınmasının texniki imkanları araşdırılır və dekarbonizasiya üzrə yol xəritəsi hazırlanır", - Luka Skiepatti əlavə edib.
Qeyd olunub ki, TAP-ın uğurları Yunanıstan, Albaniya və İtaliya hökumətləri, Avropa institutları, tənzimləyici qurumlar, ötürücü sistem operatorları və hasilat tərəfdaşları ilə sıx əməkdaşlıq sayəsində mümkün olub.
TAP rəhbərliyi bildirib ki, etibarlılıq, çeviklik və enerji keçidinə hazırlıq prinsipləri strateji tərəfdaşlıqla paralel şəkildə davam etdiriləcək və layihə Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək.
Emil İsmayılov tap neft qaz