Maya Xristova: IGB Cənub Qaz Dəhlizini Mərkəzi və Şərqi Avropa üçün strateji dayağa çevirir

Tarix: 03 Mar 2026 15:15

Yunanıstan–Bolqarıstan İnterkonnektoru (IGB) Cənub Qaz Dəhlizinin imkanlarını genişləndirərək layihəni Mərkəzi və Şərqi Avropa üçün strateji enerji dayağına çevirir.

“APA-Economics” xəbər verir ki, bunu ICGB AD şirkətinin icraçı direktoru Maya Hristova Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə enerji infrastrukturu artıq yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və geosiyasi baxımdan strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə Cənub Qaz Dəhlizi mənbə və marşrut şaxələndirilməsini təmin etməklə regionun enerji təhlükəsizliyinə mühüm töhfə verib.

Maya Xristova bildirib ki, IGB hazırda Bolqarıstan və Yunanıstanla yanaşı, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri üçün də etibarlı qaz nəqli marşrutudur. Kommersiya fəaliyyətinə başlanıldığı vaxtdan interkonnektor vasitəsilə əhəmiyyətli həcmdə qaz ötürülüb və bazarda rəqabət mühiti güclənib.

O vurğulayıb ki, artıq əsas diqqət uğurlu icradan genişlənmə mərhələsinə keçidə yönəlməlidir. IGB genişləndirmə üçün texniki hazırlığını təmin edib və əlavə ötürmə gücünün reallaşdırılması bazar tələbatına uyğun şəkildə həyata keçirilə bilər.

Şirkət rəhbəri qeyd edib ki, Avropa Komissiyasının Rusiya qazından mərhələli imtina siyasəti regionda mövcud infrastrukturun daha səmərəli istifadəsini və operatorlar arasında koordinasiyanı zəruri edir.

Maya Xristova əlavə edib ki, enerji keçidi yalnız sürət deyil, həm də sabitlik məsələsidir. Təbii qaz bərpa olunan enerji mənbələrinin inteqrasiyasını dəstəkləyən keçid yanacağı kimi sistem çevikliyini təmin edir və daha yüksək karbonlu yanacaqlara alternativ yaradır.

Onun sözlərinə görə, IGB infrastrukturu gələcəkdə aşağı karbonlu qazların, o cümlədən hidrogen qarışıqlarının nəqli üçün də uyğunlaşdırıla bilər və bu istiqamətdə texniki qiymətləndirmələr aparılır.

Rahim Tarıverdiyev strateji dayaq

Xəbər Lenti