Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 17:43
Avropa İttifaqı Rusiyadan qaz idxalını mərhələli şəkildə dayandırır və gələcəkdə ən kiçik həcmdə belə rus enerjisi almağı planlaşdırmır.
“APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında bildirib.
Komissar qeyd edib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı dövrdə Aİ qaz idxalının təxminən 45%-ni Rusiyadan həyata keçirirdi və bu, ciddi enerji asılılığı yaradırdı.
Onun sözlərinə görə, hazırda bu göstərici təxminən 10%-ə qədər azalıb, lakin bu səviyyə də qəbuledilməzdir və Avropa İttifaqı rus qazına tətbiq edilən qadağa vasitəsilə bu asılılığı tam aradan qaldırmağı hədəfləyir.
Dan Yorgensen vurğulayıb ki, Rusiya enerjidən siyasi təzyiq aləti kimi istifadə edib və bu səbəbdən Aİ enerji təhlükəsizliyini prioritet elan edib.
O bildirib ki, mövcud geosiyasi şəraitdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır və Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Komissar əlavə edib ki, Avropa İttifaqı uzunmüddətli perspektivdə karbon neytral və fosil yanacaqlardan asılı olmayan iqtisadiyyata keçidi hədəfləyir, lakin qısa və orta müddətdə qaz tələbatı davam edəcək və bu baxımdan Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Rahim Tarıverdiyev Avropa İttifaqı Rusiya qaz