Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 17:09
Azərbaycanda maliyyələşdirilən bərpa olunan enerji layihələri hər il təxminən 3 milyard kilovat-saat təmiz elektrik enerjisi istehsal edəcək və karbon emissiyalarını 1,4 milyon tondan çox azaldacaq.
“APA-Economics” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avrasiya üzrə Enerji departamentinin rəhbəri Sule Kilic Yaşıl Enerji Məşvərət Şurasının iclasında bildirib.
Süle Kılıç qeyd edib ki, AYİB Azərbaycanda 1,2 giqavatdan çox bərpa olunan enerji gücünü maliyyələşdirib. Bu layihələrə 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası, 240 MVt-lıq Abşeron-Xızı Külək Elektrik Stansiyası, eləcə də Biləsuvar və Neftçala rayonlarında iri günəş parkları daxildir.
Onun sözlərinə görə, AYİB yalnız maliyyə dəstəyi ilə kifayətlənmir, həm də enerji sektorunda institusional və tənzimləyici islahatlara töhfə verir. Bu çərçivədə Enerji Tənzimləmə Qanununun hazırlanması və ilk bərpa olunan enerji hərracının təşkili istiqamətində dəstək göstərilib.
Süle Kılıç vurğulayıb ki, Azərbaycan ofşor külək enerjisi və yaşıl hidrogen sahəsində böyük potensiala malikdir və AYİB bu istiqamətdə tənzimləyici çərçivənin formalaşdırılması və maliyyələşmə mexanizmlərinin yaradılmasını dəstəkləməyə hazırdır.
AYİB nümayəndəsi əlavə edib ki, Azərbaycan regionda etibarlı yaşıl enerji təchizatçısına çevrilə bilər və bank enerji təhlükəsizliyi ilə dekarbonizasiya hədəflərinin paralel həyata keçirilməsini dəstəkləməyə davam edəcək.
Rahim Tarıverdiyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) enerji layihələri