Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 14:28
Energetika naziri Pərviz Şahbazovla İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüş keçirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla İndoneziyanın enerji sahəsində əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib. Bu aspektdə enerji təhlükəsizliyi, bərpa olunan enerji və dayanıqlı inkişaf, həmçinin enerji sektorunda biznes və investisiyaların təşviqi istiqamətlərində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Enerji təhlükəsizliyi çərçivəsində Azərbaycandan İndoneziyaya xam neft tədarükünün davam etdirilməsi, neft-qaz sahəsində birgə kəşfiyyat və hasilat layihələrində iştirak, həmçinin neft məhsulları və neft-qaz emalı sahələrində SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib. Hər iki ölkənin bərpa olunan enerji resurslarının inkişafı üçün mühüm potensiala malik olduğu vurğulanıb, külək və günəş enerjisi layihələri, tullantıdan enerji istehsalı texnologiyalarının tətbiqi, eləcə də biokütlə əsaslı enerji istehsalı üzrə əməkdaşlıq imkanları qeyd edilib. Görüş zamanı enerji sektorunda dövlət qurumları ilə yanaşı, özəl sektorun da əməkdaşlıq prosesinə fəal şəkildə cəlb edilməsinin vacibliyi bildirilib.
Qeyd olunur ki, enerji sahəsində İşçi Qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsi razılaşdırılıb.
Emil İsmayılov Azərbaycan İndoneziya Energetika Nazirliyi SOCAR Pertamina