ABA prezidenti: Açıq bankçılıq üzrə mərkəzləşdirilmiş platforma yaradılır

Tarix: 10 Mar 2026 13:15

Azərbaycanda açıq bankçılıq (open banking) üzrə mərkəzləşdirilmiş platformanın yaradılması və tətbiqi istiqamətində aktiv işlər aparılır.

Bunu “APA-Economics”ə müsahibəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Mərkəzi Bank tərəfindən mərkəzləşdirilmiş platformanın yaradılması və tətbiqi üzrə işlər davam etdirilir.

Z. Nuriyev qeyd edib ki, hazırda hesab üzrə məlumat xidmətinin təqdim edilməsinə əsaslanan açıq bankçılıq funksionallığı istifadəyə verilib və bir sıra banklar tərəfindən tətbiq olunmağa başlanıb.

ABA rəhbərinin sözlərinə görə, növbəti mərhələdə ödəniş əməliyyatlarının başladılması üzrə vasitəçilik xidməti (payment initiation service) üzrə açıq bankçılıq xidmətlərinin tətbiqi nəzərdə tutulur və bu istiqamətdə müvafiq işlər davam etdirilir.

O vurğulayıb ki, açıq bankçılıq texnologiyasının tətbiqi rəqəmsal ödəniş ekosistemində iştirakçılar arasında inteqrasiyanın daha da dərinləşməsinə və maliyyə xidmətlərinin əlçatanlığının artırılmasına geniş imkanlar yaradacaq.

Z. Nuriyev əlavə edib ki, bank-maliyyə sistemində rəqəmsal transformasiyanın dərinləşdirilməsi baxımından rəqəmsal bankların formalaşdırılması zəruridir. Onun sözlərinə görə, rəqəmsal banklar üzrə müvafiq qanunvericilik bazasının yaradılması bank-müştəri münasibətlərinin tam şəkildə rəqəmsal mühitə keçidini sürətləndirəcək və innovativ maliyyə xidmətlərinin inkişafını təşviq edəcək.

Rahim Tarıverdiyev ABA Zakir Nuriyev açıq bankçılıq

Xəbər Lenti