Ağdam sakinləri şəhərin xarabalıqlarını öz evləri hesab edir - Serbiya mediası

Tarix: 19 Mar 2026 13:16

Serbiyanın “NİN” jurnalında Ağdam şəhəri ilə bağlı “Ağ Ev” “Qafqazın Hirosiması” olub, amma indi isə yeni həyat nişanələri özünü büruzə verir” adlı məqalə dərc olunub.

APA xəbər verir ki, məqalədə Ağdamın XVIII əsrdən başlayaraq müasir dövrə qədər uzanan tarixindən bəhs edilib.

Yazıda Ağdam şəhərində işğaldan sonra yaşanan inkişafa diqqət çəkilib:

“XVIII əsrdə əsası qoyulan Ağdam ağ daş sarayları və yerli aristokratiyaya məxsus, tarixi 200 ildən də çox olan saysız-hesabsız evləri ilə məşhur idi. Müharibədən əvvəl gediş-gəlişin çox olduğu bir ticarət mərkəzi idi. İndi isə şəhərin mərkəzindən bizə qalan dram teatrın divarlarının hissələri, poçt binası və köhnə bir mehmanxana qalır. Qalan hər şey məhv edilib”.

30 illik işğaldan sonra öz yurdlarına qayıdan ağdamlıların dağılmış bir şəhərlə qarşılaşdıqları qeyd olunur: "Onları xarabalığa çevrilmiş bir şəhər mənzərəsi qarşıladı. Buna baxmayaraq, onlar həm qarşılaşdıqları xarabalıqları, həm də şəhərin özünü öz evləri hesab edirlər".

Ağdamda 1989-cu ilin məlumatlarına görə 131 293 nəfər əhalinin yaşadığı, onların 28 000 nəfərinin şəhərdə, 103 000 nəfərinin isə ətraf kəndlərdə yaşadığı diqqətə çatdırılıb:

“Birinci Qarabağ müharibəsi zamanı ciddi şəkildə vandalizmə uğramış bir məscid təzəlikcə bərpa edilib. Bu məscid Ağdamda tamamilə məhv edilməmiş nadir memarlıq abidəsidir. Dağıntının həcminə görə, Ağdama “Qafqazın Hirosiması” və ya “Ruhlar şəhəri” də deyilir”.

Məqalədə qeyd olunur ki, Ağdam şəhəri 1993-cü ildə işğal edilib və praktiki olaraq 30 il ərzində tərk edilib: “Minalar və digər partlayıcıların qalıqları ərazinin yenidənqurmasına ciddi maneçilik törədir və bir neçə ildir bu təhdidlərin aradan qaldırılması üçün səy göstərilir”.

Həmçinin, burada xüsusi qrupların minatəmizləmə əməliyyatları və əhalinin maarifləndirilməsi üçün iş apardığı, 6 il ərzində bütün Qarabağ bölgəsində təxminən 248 min hektar ərazinin minalardan təmizləndiyi vurğulanıb.

Yazıda Ağdam sakini Faiq Rəhimovun sözlərinə də yer verilib. Belə ki, Faiq Rəhimov işğaldan əvvəl məscidin yaxınlığında dağılmış evlərin birində öz həyat yoldaşı ilə yaşayıb: “O bizi bir vaxtlar yaşadığı evə apardı və bizə 1990-cı illərdə müharibə başladıqdan sonra Yevlaxa köçmək məcburiyyətində qaldığını dedi. Onlar hələ də Yevlaxda yaşayırlar və müharibə səbəbindən hər şeylərini burada qoyub getməli olublar”.

Məqalədə rəsmi şəxslərə istinadən Ağdamın Qarabağda ən böyük şəhərlərdən biri olacağı və təxminən 100 min nəfər əhalinin məskunlaşacağı bildirilib. Köç prosesində daha çox ağır şəraitdə yaşayan ailələrə üstünlük verildiyi, hazırda 222 ailənin Ağdama köçdüyü qeyd olunub.

Bundan başqa yazıda Ağdamın işğalı və işğaldan azad olunma tarixindən, eyni zamanda, indiyədək gedən proseslərdən söz açılır.

Məqalədə 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına da toxunulub. Bu hadisənin regional əməkdaşlıq və inteqrasiya prosesində yeni bir səhifə açdığı diqqətə çatdırılıb.

Sonda isə Ağdamda aparılan bərpa-quruculuq işləri, həyatın yavaş-yavaş öz axarına qayıtdığı, məktəblərin, xəstəxanaların, idman mərkəzlərinin və əhalinin rifah səviyyəsinin yüksəldilməsinə hesablanmış digər infrastrukturun yaradılmasına xüsusi diqqət çəkilib.

Ağdam sakinlərindən birinin öz doğma yurdlarına qayıtmaqdan məmnunluq hissi duyduğu, tədricən yeni mühitə uyğunlaşdıqları yazıda öz əksini tapıb.

“Hər şeyə rəğmən, həyat davam edir”, - məqalənin sonunda qeyd olunub.

Toğrul Quluzadə Ağdam Qarabağ jurnal işğal

Xəbər Lenti