Bu gündən “Muğanbank”ın qorunan əmanətləri üzrə kompensasiyaların verilməsinə başlanılıb

Tarix: 27 Nov 2023 12:15

Noyabrın 27-dən etibarən ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir. Məlumata görə, ödənişlər “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” vasitəsilə həyata keçirilir.

Qeyd edilib ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Muğan Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyaların alınması üçün “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin müvafiq filial və şəbəkələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Həmçinin, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir.

Xəbər Lenti