KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir

KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir

Tarix: 30 Oct 2026 01:12

Almaniya silah və hərbi texnikanın satın alınmasında yaranan gecikmələr səbəbindən NATO-nun müdafiə planlarının həyata keçirilməsini ləngidir.

“Bild” qəzetinin EDINA analitik mərkəzinin araşdırmasına istinadən yaydığı məlumata görə, Berlinin əldə etməyi planlaşdırdığı hərbi texnika növləri ümumilikdə NATO-nun mümkün hərbi münaqişə üçün hazırladığı müdafiə strategiyasına uyğundur.

Lakin əsas problem silah və texnikanın çatdırılma müddətləri ilə bağlıdır. Ekspertlərin qiymətləndirməsinə görə, Almaniya nəzərdə tutulan qrafikdən geri qalır.

Araşdırmada Bundesverin texniki təchizatında da ciddi çatışmazlıqların olduğu qeyd edilir. Xüsusilə mina təhlükəsinə qarşı müdafiə vasitələrinin və uzaqmənzilli birdəfəlik zərbə dronlarının çatışmadığı bildirilir.

Nəşr vurğulayır ki, NATO-nun müdafiə planlaşdırmasının mühüm mərhələlərindən biri məhz bu tip kamikadze dronlarının istifadəsinə əsaslanır.

Bundan əlavə, NATO-nun hazırkı müdafiə strategiyasının böyük ölçüdə ABŞ-ın hərbi dəstəyindən asılı olduğu bildirilir.

Ekspertlərin fikrincə, Vaşinqton Avropadakı müttəfiqlərinə hərbi yardım göstərməkdən imtina edərsə, NATO-nun Avropa üzvləri müdafiə konsepsiyalarını əsaslı şəkildə yenidən nəzərdən keçirməli olacaqlar.

Almaniya NATO Bundesver ABŞ Bild EDINA silah tədarükü müdafiə strategiyası hərbi texnika kamikadze dronları

Mənbə: apa.az

Xəbər Lenti