Karibdə səssiz eskalasiya: Vaşinqton və Havana arasında qarşıdurmanın yeni mərhələsi -TƏHLİL

Tarix: 22 Apr 2026 11:58

ABŞ ilə Kuba arasında münasibətlər 2026-cı ilin əvvəlindən etibarən yenidən gərginləşib və bu proses artıq klassik diplomatik qarşıdurmadan daha mürəkkəb geosiyasi çərçivəyə keçib. Vaşinqtonun son bəyanatları və atdığı addımlar göstərir ki, Kuba məsələsi yenidən ABŞ xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir. Bu dəyişiklik yalnız ikitərəfli münasibətlər kontekstində deyil, həm də qlobal güc balansı və beynəlxalq rəqabət müstəvisində qiymətləndirilməlidir. “Soyuq müharibə” dövründən qalan tarixi miras, ideoloji qarşıdurma və uzunmüddətli sanksiya siyasəti fonunda formalaşmış münasibətlər indi daha mürəkkəb və çoxölçülü mərhələyə daxil olub.

Amerikalı siyasi şərhçi Peter Teyz bu mərhələnin strateji xarakter daşıdığını vurğulayır.

Foto: siyasi şərhçi Peter Teyz

“Donald Tramp administrasiyası Kubaya münasibətdə əvvəlki illərlə müqayisədə daha sərt və sistemli yanaşmanı nəzərdən keçirir və bu yanaşma Havanada real siyasi sarsıntı yarada biləcək addımları ehtiva edir, çünki məqsəd yalnız təzyiq göstərmək deyil, eyni zamanda, ölkədaxili siyasi və sosial balansı dəyişdirməkdir”, - o APA-a bildirib.

ABŞ-ın son bəyanatlarının mahiyyəti

Son dövrdə ABŞ rəhbərliyinin Kuba ilə bağlı ritorikasında nəzərəçarpacaq sərtləşmə müşahidə olunur və bu ritorika artıq diplomatik balanslı ifadələrdən uzaqlaşaraq daha birbaşa və açıq mesajlar formasını alıb. Bu dəyişiklik Vaşinqtonun Kuba məsələsinə yanaşmasının konseptual şəkildə yenidən qurulduğunu göstərir. ABŞ Kubanı yalnız regional problem kimi deyil, daha geniş təhlükəsizlik kontekstində təqdim etməyə başlayıb və bununla da məsələni beynəlxalq təhlükəsizlik diskursuna daxil edir.

Paraqvaydan olan Latın Amerikası üzrə siyasi şərhçi Pedro Eskobar Medina bu ritorikanın daha çox siqnal xarakteri daşıdığını düşünür və fərqli prizma təqdim edir: “Bu, daha çox strateji mesajdır və dərhal siyasət dəyişikliyi kimi qiymətləndirilməməlidir. “Növbədə Kubadır?” kimi ifadələr ABŞ-ın həm daxili siyasi auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan çoxqatlı mesajlardır. Bu cür ritorika real siyasətdən çox, siyasi mövqe nümayiş etdirmək, təzyiq mühiti formalaşdırmaq və qarşı tərəfin davranışlarını yönləndirmək məqsədi daşıyır”.

Paraqvaydan olan Latın Amerikası üzrəlı siyasi şərhçi Pedro Eskobar Medina

Peter Teyz qeyd edir ki, Vaşinqton Kubanı artıq regional aktor kimi deyil, qlobal güc balansında təsirli oyunçu kimi təqdim edir və bununla daha sərt addımlarını beynəlxalq legitimlik çərçivəsində əsaslandırır: “Vaşinqton artıq Kubanı təkcə Karib regionunda yerləşən kiçik dövlət kimi deyil, qlobal güc balansında rol oynayan aktor kimi təqdim edir və bu yanaşma ABŞ-a daha sərt addımlarını beynəlxalq legitimlik çərçivəsində əsaslandırmaq imkanı yaradır, nəticədə Kuba məsələsi böyük güclər arasında rəqabətin bir hissəsinə çevrilir”.

Pedro Eskobar Medina isə bu yanaşmanın daha çox davamlı siyasətin kommunikativ forması olduğunu bildirir: “ABŞ onilliklərdir ki, Havanaya qarşı sistemli və davamlı təzyiq siyasəti yürüdür və bu siyasət zaman-zaman fərqli intensivlikdə davam etdirilir. Hazırda müşahidə etdiyimiz ritorika isə bu siyasətin yeni mərhələsi deyil, onun daha sərt və açıq ifadə olunan formasıdır. Burada əsas məqsəd kəskin dönüş etmək deyil, mövcud xətti daha aydın şəkildə nümayiş etdirmək və beynəlxalq aktorlara siyasi siqnal göndərməkdir”.

Enerji təzyiqi və iqtisadi alətlər

Bu strategiyanın praktik müstəvidə əsas dayaqlarından biri enerji sektoruna yönəlmiş təzyiqdir. Kuba iqtisadiyyatının xarici enerji mənbələrindən yüksək asılılığı bu sahəni ən həssas istiqamətlərdən birinə çevirir. ABŞ tərəfindən tətbiq olunan məhdudiyyətlər nəticəsində neft və yanacaq tədarükündə yaranan problemlər iqtisadi fəaliyyətə birbaşa təsir göstərir.

Enerji böhranı tədricən sosial sabitlik faktoruna çevrilir. Elektrik kəsintiləri gündəlik həyatın ayrılmaz hissəsi olur, sənaye istehsalı azalır və bu proseslər əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Peter Teyz bu strategiyanın məqsədli olduğunu vurğulayır: “Kuba iqtisadiyyatının ən həssas nöqtəsi enerji təminatıdır və ABŞ məhz bu sahəyə təzyiq göstərməklə yalnız dövlət strukturlarını deyil, bütövlükdə cəmiyyəti təsir altına almağa çalışır, çünki enerji çatışmazlığı sosial narazılığı artıraraq daxili siyasi sabitliyi zəiflədən əsas mexanizmlərdən birinə çevrilir”.

Medina da bu təsirləri daha geniş kontekstdə izah edir: “Kuba enerji resurslarının idxalından yüksək dərəcədə asılı olan ölkədir və bu səbəbdən enerji sektoruna yönəlmiş hər bir məhdudiyyət birbaşa iqtisadi və sosial sistemə təsir edir. Elektrik kəsintilərinin artması, sənaye istehsalının zəifləməsi və gündəlik həyatın çətinləşməsi sosial narazılığı artıran əsas faktorlardır. Lakin bütün bu təsirlərə baxmayaraq, bu proseslərin qısa müddətdə sistemin çökməsinə gətirib çıxaracağı qənaətində deyiləm”.

Bununla yanaşı, ABŞ siyasəti tam blokada xarakteri daşımır. Selektiv yumşalma elementlərinin mövcudluğu göstərir ki, Vaşinqton təzyiqi maksimum səviyyəyə çatdırmaqdan daha çox onu idarə olunan və çevik mexanizm kimi istifadə edir.

Rejim dəyişikliyi məsələsi

İqtisadi və enerji təzyiqi ilə paralel olaraq siyasi transformasiya məsələsi də açıq şəkildə gündəmə gətirilir. Bu isə ABŞ siyasətinin yalnız davranış dəyişikliyinə deyil, daha fundamental dəyişikliklərə yönəldiyini göstərir.

Peter Teyz bu istiqamətin mahiyyətini belə izah edir:“Vaşinqtonun hədəfi yalnız Kubanın xarici siyasət davranışını dəyişmək deyil, ölkədə uzun illərdir mövcud olan siyasi sistemin transformasiyasına nail olmaqdır və bu məqsəd artıq rəsmi strateji xətt kimi formalaşır”.

Paraqvaylı şərhçi daha ehtiyatlı yanaşma sərgiləyir: “Kuba siyasi sistemi tarixən yüksək davamlılıq nümayiş etdirib və bu davamlılıq təsadüfi deyil. Bu, həm güclü institusional nəzarət mexanizmləri, həm də ideoloji və siyasi narrativin cəmiyyət daxilində dərin kök salması ilə bağlıdır. Ona görə də xarici təzyiqlər əhəmiyyətli təsir yaratsa da, qısa müddətdə sistemin destabilizasiyası və ya kəskin siyasi dəyişiklik ehtimalı aşağı olaraq qalır”.

Kuba rəhbərliyi isə bu yanaşmanı daxili işlərə müdaxilə kimi qiymətləndirir ki, bu da tərəflər arasında kompromis imkanlarını məhdudlaşdırır və qarşıdurma riskini artırır.

Daxili və beynəlxalq reaksiyalar

ABŞ daxilində Kuba siyasəti ilə bağlı vahid mövqe yoxdur və bu məsələ daxili siyasi müzakirələrin predmetinə çevrilib. Beynəlxalq səviyyədə isə daha fərqli və çoxvektorlu reaksiyalar müşahidə olunur.

Xüsusilə Latın Amerikası ölkələri bu siyasətə ehtiyatla yanaşır və alternativ əməkdaşlıq modelləri qurmağa çalışırlar.

Peter Teyz region ölkələrinin yanaşmasının getdikcə daha tənqidi xarakter aldığını vurğulayır:“Latın Amerikası ölkələri ABŞ-ın Kuba siyasətini artıq yalnız siyasi təzyiq aləti kimi deyil, genişmiqyaslı humanitar nəticələr doğuran kompleks strategiya kimi qiymətləndirir və bu yanaşma regionda ciddi narahatlıq yaradır, çünki iqtisadi məhdudiyyətlərin birbaşa əhali üzərində təsiri sosial gərginliyi artırır və bu da sabitlik risklərini dərinləşdirir”.

Pedro Escobar Medina isə əlavə edir ki, rəsmi Havana bu cür təzyiqlərə ənənəvi və eyni zamanda effektiv hesab etdiyi üsullarla cavab verir: “Suverenlik və müstəqillik diskursu gücləndirilir, ABŞ-ın embarqo siyasəti beynəlxalq səviyyədə tənqid olunur və daxili həmrəyliyin qorunmasına xüsusi diqqət yetirilir. Eyni zamanda, iqtisadi çətinliklərin əsas səbəbi kimi ABŞ siyasətinin təqdim olunması daxili legitimliyi möhkəmləndirməyə xidmət edir”.

Humanitar vəziyyət və sosial təsirlər

Bu proseslərin məntiqi davamı olaraq Kubada humanitar vəziyyət daha da mürəkkəbləşir. Enerji böhranı ərzaq təminatı və səhiyyə sistemi üzərində ciddi təzyiq yaradır. Bu isə sosial sabitliyi zəiflədən əsas faktorlardan birinə çevrilir.

Peter Teyz Kubadakı mövcud sosial-iqtisadi vəziyyətin xarici təzyiqlərə qarşı həssaslığı artırdığını vurğulayır:“Kuba hazırda çoxşaxəli problemlərlə üz-üzədir və əhali uzun illərdir ağır sosial-iqtisadi şəraitdə yaşayır, bu isə istənilən xarici təzyiqin daxili sabitliyə təsirini daha da gücləndirir”.

Medina isə bu vəziyyətin idarə olunan xarakter daşıdığını vurğulayır: “Təsir şübhəsiz ki, əhəmiyyətlidir və əhalinin gündəlik həyatında hiss olunur. Lakin Kuba sistemi bu cür çətinliklərə uyğunlaşmaq qabiliyyətinə malikdir. Dövlət strukturları və siyasi mexanizmlər bu təzyiqləri müəyyən həddə qədər balanslaşdırmağa imkan verir və bu da tammiqyaslı sosial destabilizasiyanın qarşısını alır”.

Geosiyasi ölçü

Bütün bu proseslər ABŞ-Kuba münasibətlərinin artıq daha geniş geosiyasi çərçivədə formalaşdığını göstərir. Kuba Rusiyanın və digər qlobal aktorların regiondakı tərəfdaşlarından biri kimi çıxış edir və bu amil Vaşinqtonun siyasətinə birbaşa təsir edir.

Peter Teyz bu yanaşmanın qlobal rəqabət kontekstində formalaşdığını vurğulayır:“Vaşinqton Kubanı Rusiyanın həm Amerika körfəzi regionunda, həm də ümumilikdə Latın Amerikasında geosiyasi təsirinin əsas dayaqlarından biri kimi qiymətləndirir və məhz bu səbəbdən Havanaya qarşı siyasət yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, daha geniş qlobal rəqabət strategiyasının tərkib hissəsi kimi formalaşdırılır”.

Latın Amerikası üzrə ekspert isə alternativ istiqaməti önə çəkir: “Kuba mövcud təzyiqlər fonunda öz xarici siyasətini daha çoxşaxəli etməyə çalışır və Çin, Rusiya, eləcə də digər Qlobal Cənub ölkələri ilə əməkdaşlığı genişləndirir. Bu yanaşma yalnız iqtisadi deyil, həm də geosiyasi balansın qorunmasına xidmət edir və Havanaya beynəlxalq sistemdə manevr imkanları yaradır”.

Eyni zamanda, regionda digər aktorların rolu da artır.

Ekspert bu proseslərin Vaşinqtonun regional strategiyasına birbaşa təsir etdiyini qeyd edir: “Meksika Prezidenti Klaudya Şeinbaum ilə Rusiya arasında diplomatik və iqtisadi münasibətlərin genişlənməsi, eləcə də digər regional aktorların oxşar istiqamətdə addımlar atması Vaşinqtonu Karib hövzəsi və Mərkəzi Amerikada siyasətini yenidən nəzərdən keçirməyə məcbur edir”.

Strategiyanın ümumi qiymətləndirilməsi

Yuxarıda qeyd olunan faktorlar göstərir ki, ABŞ-ın Kuba siyasəti klassik sanksiya modelindən fərqlənir və daha çox hibrid strategiya xarakteri daşıyır. Bu strategiya iqtisadi təzyiq, siyasi təsir və selektiv əməkdaşlıq elementlərini birləşdirir.

Peter Teyz bu strategiyanın kompleks və çevik xarakter daşıdığını vurğulayır:“ABŞ Kubaya qarşı çoxsəviyyəli və hibrid strategiya həyata keçirir və bu yanaşma həm sərt təzyiq, həm də idarə olunan açılım elementlərini özündə birləşdirir”.

Beləliklə, ABŞ-ın Kuba ilə bağlı siyasəti münasibətlərin yeni və daha mürəkkəb mərhələyə keçdiyini göstərir. Bu mərhələ iqtisadi, siyasi və geosiyasi faktorların paralel şəkildə təsiri ilə formalaşır və yaxın perspektivdə də davam edəcək.

Pedro Eskobar Medina isə yekun olaraq daha ehtiyatlı ssenarini önə çəkir: “Hazırda müşahidə etdiyimiz vəziyyət aşağı intensivlikli qarşıdurma modelidir və bu qarşıdurma əsasən sanksiyalar, ritorika və iqtisadi təzyiq vasitəsilə aparılır. Hər iki tərəf eskalasiyanın mümkün nəticələrini yaxşı anlayır və bu səbəbdən birbaşa hərbi qarşıdurma ehtimalı aşağı olaraq qalır. Ən real ssenari siyasi və iqtisadi qarşıdurmanın davam etməsidir”.

Peter Teyz mövcud dinamikanın iki əsas istiqamətdə inkişaf edə biləcəyini qeyd edir: “Hazırkı vəziyyət göstərir ki, ya tərəflər kompromisə gələrək dialoq mühitini mərhələli şəkildə bərpa edəcək, ya da qarşıdurma daha da dərinləşərək regionda uzunmüddətli qeyri-sabitlik yaradacaq”.

Beləliklə, ABŞ-Kuba münasibətləri artıq yalnız ikitərəfli çərçivədə deyil, daha geniş geosiyasi proseslərin tərkib hissəsi kimi çıxış edir və bu istiqamətdə baş verən dəyişikliklər qlobal siyasətə təsir edən əsas faktorlar sırasında qalmaqdadır.

Faiq Mahmudov ABŞ-Kuba münasibətləri geosiyasi gərginlik enerji blokadası Donald Tramp siyasəti Kuba iqtisadiyyatı Latın Amerikası siyasəti Rusiya təsiri beynəlxalq rəqabət humanitar böhran rejim dəyişikliyi

Xəbər Lenti