Azərbaycan Ermənistanla sülh gündəliyini gücləndirir, Avropa Parlamenti isə prosesi sabotaj edir - TƏHLİL

Tarix: 06 May 2026 13:52

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitində onlayn iştirakı regionda normallaşma prosesinin müsbət dinamikası baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Dövlət başçısının tədbirdə çıxışı zamanı Azərbaycanın sülhə sadiq olduğunu bir daha vurğulaması Bakının hazırkı mərhələdə əsas prioritetinin regional sabitlik olduğunu göstərdi.

Diqqətçəkən əsas məqamlardan biri Ermənistanın Baş naziri Nikol Paşinyanın İlham Əliyevin sammitdə iştirakı müsbət qiymətləndirməsi və 2028-ci ildə Azərbaycanda keçiriləcək analoji tədbirdə iştirak etmək istədiyini bildirməsi oldu. Bu, tərəflər arasında siyasi dialoq imkanlarının genişləndiyini göstərir.

Bir neçə il əvvəl müharibə şəraitində olan iki ölkənin indi eyni platformada təmsil olunması regionda siyasi atmosferin dəyişdiyini nümayiş etdirir. Avropa liderlərinin regiona artan marağı isə göstərir ki, Cənubi Qafqaz artıq yalnız münaqişə məkanı deyil, enerji, logistika və əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyan region kimi qiymətləndirilir.

Avropa Bakının yaratdığı reallıqla hesablaşır

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilmiş 8-ci sammitində onlayn formatda çıxışı Avropa siyasi rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin zirvəsi oldu.

O, APA-ya açıqlamasında qeyd edib ki, bu sammitin Ermənistanda keçirilməsi, Avropa liderlərinin orada iştirakı və müxtəlif məsələlərin müzakirə olunması, İrəvanın Avropa ilə yaxınlaşması - bütün bunların hamısı Azərbaycan Prezidentinin yaratdığı yeni reallıq əsasında baş verib: “Bu reallıq olmasaydı, biz müharibədə qalib gəlməsəydik, separatçılığın kökünü kəsməsəydik, işğala son qoymasaydıq, Ermənistanı normal münasibətlərə dəvət etməsəydik və Ermənistan bu münasibətləri qəbul etməsəydi, heç bir Ermənistan-Avropa yaxınlaşması baş verə bilməzdi. Ona görə də bu sammitin səbəbkarı, bu sammitin arxitektoru onlayn formatda Avropa siyasi liderlərinə mesaj göndərdi ki, bəli, sizin orada toplanıb müzakirələr aparmağınız müsbət haldır, siz orada toplantı keçirib Ermənistanı dəstəkləyə bilərsiniz, ancaq yaddan çıxarmamalısınız ki, Azərbaycan-Ermənistan arasında sülhün ən yüksək səviyyədə qarantı Azərbaycan Prezidentinin apardığı siyasətdir”.

Komitəsinin sədrinin fikrincə, bu, yalnız cənab Prezidentdən gələn mesaj deyil, eyni zamanda Avropa siyasi liderlərinin də artıq başa düşdüyü reallıqdır: “Bəli, onlar orada iştirak ediblər, iclaslar keçiriblər, Avropa-Ermənistan əlaqələrini inkişaf etdiriblər. Lakin həmin iclasdan öncə, iclas zamanı və iclasdan dərhal sonra Azərbaycana gəlib öz planlarını Azərbaycanla koordinasiya şəklində həyata keçirirlər. Məhz xanım Ciorcia Meloninin Azərbaycana səfəri, ondan sonra Avropa siyasi rəhbərliyini təmsil edən Kaya Kallasın Azərbaycana gəlişi, ondan öncə isə Qəbələdə bir sıra görüşlərin keçirilməsi birbaşa bu məsələyə dəlalət edir.

İlham Əliyevin çıxışı regional əməkdaşlıq mesajı idi

Fransız siyasi şərhçi Gil Mihaelinin fikrincə isə, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammitində onlayn iştirakı və çıxışı özlüyündə istənilən rəsmi bəyanat qədər güclü siyasi mesajdir.

O, APA-ya açıqlamasında bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Prezidentin Ermənistanda keçirilən tədbirdə onlayn iştirak etməsi ilə yanaşı, orada çıxışı münaqişəyə artıq bitmiş məsələ kimi yanaşdığını göstərir.

“Bu çıxış həm də göstərir ki, əldə olunmuş hərbi nəticələr davamlı siyasi və sabit nizamlanın möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev sülh gündəliyinə dair açıq mövqeyini siyasi normallaşma və qarşılıqlı əlaqələrin inkişafı, xüsusilə də regional dəhlizlər vasitəsilə əməkdaşlıq tələbləri ilə birləşdirərək, Azərbaycanı aydın gündəliyə malik tərəf kimi təqdim edir və prosesi daha geniş Avropa siyasi çərçivəsinə daxil edir. Bu “avropalaşma” yanaşması bir tərəfdən Rusiyanın regiondakı təsirinin balanslaşdırılması vasitəsi kimi qiymətləndirilir, digər tərəfdən isə keçmiş rəqiblər arasında normallaşma prosesinin iqtisadi və enerji təhlükəsizliyi maraqları ilə uyğunlaşdırılmasına yönəlmiş çərçivə kimi qəbul olunur,” deyə fransız politoloq qeyd edib.

Cənubi Qafqazda normallaşma prosesi güclənir

Erməni siyasi şərhçi İşxan Verdyanın sözlərinə görə, Prezident İlham Əliyevin sammitdə çıxışı konstruktiv və müsbət məzmunu ilə diqqət çəkib.

O, APA-ya açıqlamasında qeyd edib ki, çıxışda yalnız Azərbaycan tərəfinin sülh gündəliyinə sadiqliyi deyil, eyni zamanda regionda uzunmüddətli sabitliyin, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığa əsaslanan gələcəyin formalaşdırılmasına hesablanmış mesajlar səsləndirilib.

Prezident çıxışında Cənubi Qafqazda yeni siyasi reallıqların artıq formalaşdığını vurğulayaraq, bu mərhələdə əsas prioritetin münaqişə ritorikasından uzaqlaşıb, davamlı sülh və normallaşma prosesinin institusional əsaslarla möhkəmləndirilməsi olduğunu qeyd etdi”, deyə erməni şərhçi bildirib.

Avropa Parlamentinin yersiz və əsassız qətnamələri

Azərbaycan və Ermənistan arasında sülh gündəliyində müsbət dinamikanın müşahidə olunduğu, həm rəsmi, həm də vətəndaş cəmiyyəti səviyyəsində qarşılıqlı səfərlərin artdığı, iqtisadi əlaqələrin genişləndiyi, tranzit daşımaların həyata keçirildiyi bir vaxtda Avropa Parlamentində Azərbaycan əleyhinə qətnamələrin qəbul olunması isə ciddi suallar yaradır. Ermənistanın Azərbaycana qarşı rəsmi iddialar irəli sürmədiyi və tərəflərin sülh istiqamətində addımlar atdığı bir mərhələdə, Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixdə - Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitindən cəmi 4 gün əvvəl qərəzli qətnamə qəbul etməsinin sülh prosesinə heç bir töhfə vermədiyi aydındır.

Azərbaycan Respublikasının hüquqi və inzibati sistemində mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsinin işlədildiyi bu qətnamə Bakının yaratdığı hüquqi reallıqları təhrif edir və dolayı şəkildə separatçı yanaşmaları legitimləşdirir. Qətnamədə Qarabağ ermənilərinin “qayıdış hüququ” ilə bağlı müddəaların birtərəfli təqdim olunması Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıyır. Qətnamədə yer alan “erməni hərbi əsirləri, saxlanılan şəxslər və girovların ədalətsiz şəkildə həbsdə saxlanılması” barədə iddialar da hüquqi baxımdan qəbuledilməzdir və sülh prosesinə mənfi təsir göstərən yanaşmadır.

Azərbaycan Prezidenti İlham Əliyev də mayın 4-də İrəvanda Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısındakı çıxışı zamanı bu məsələyə toxundu.

Prezident qeyd etdi ki, Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib”.

Səməd Seyidov da bildirir ki, Ermənistanın və Azərbaycanın bir-birinə qarşı heç bir iddiası olmadığı halda, kənar aktor olan Avropa Parlamentinin qəbul etdiyi qətnamələr düşünülmüş, planlaşdırılmış və təşkil olunmuş təxribatdır.

Avropanın daxilində həddindən artıq problemlər mövcuddur. Miqrasiya problemi, islamofobiya problemi, ksenofobiya problemi, iqtisadi böhran problemi, dəyərlər problemi və sair. Cənab Prezident öz çıxışında bunların bir qismini sadaladı. Avropa Parlamenti bu problemlərin həllinə dair məsuliyyət daşıyır, lakin həll edə bilmədiyi üçün Avropa qurumları Avropa Parlamenti vasitəsilə Avropa ictimaiyyətinin diqqətini yayındırır, bu nöqteyi-nəzərdən Azərbaycan onlar üçün “yaxşı seçilmiş hədəf” hesab olunur. Ona görə ki, Azərbaycan Avropadan kənardadır və Avropaya daxil olmaq niyyətində deyil. Bu səbəbdən öz problemlərini həll edə bilməyən Avropa parlamentariləri bu hədəfi seçirlər. Çox təəssüf olsun, müxtəlif qurumlar, müxtəlif təşkilatlar və müxtəlif şəxslər, xüsusilə erməni lobbisi, erməni qurumları və erməni strukturları bu fürsətdən istifadə edərək pulla, rüşvətlə, qeyri-qanuni əlaqələrlə, cinayətkar təsir vasitələri ilə Avropa Parlamentindəki bəzi qərəzli və korrupsiyaya meylli deputatları öz tərəflərinə çəkərək bu məsələləri gündəmə daşıyırlar.”

Komitə sədrinin sözlərinə görə, Avropa strukturları bu gün başa düşür ki, Azərbaycan Avropa üçün, onun gələcəyi üçün, onun iqtisadi potensialı, təhlükəsizliyi, enerji və logistika məsələləri baxımından su və hava qədər vacib olan bir məkandır: “Təbii ki, öz təsirlərini itirməmək və bu bölgədə mövqelərini qorumaq üçün müxtəlif yollara əl atırlar. Bir tərəfdən əlaqələr qururlar, digər tərəfdən isə xüsusi parlament emissarları vasitəsilə Azərbaycana təzyiq göstərərək onu idarə etmək, hansısa formada təsir altında saxlamaq niyyəti güdürlər.”

Avropa Parlamenti balanslı yanaşmadan uzaqlaşır

Fransız ekspert Gil Mihaelinin fikrincə, Avropa Parlamentinin qətnamələri, əsasən, erməni diasporunun sərt mövqeyi və Avropadaxili siyasi maraqların təsiri ilə formalaşır.

O qeyd edib ki, bu qətnamələr daha çox Avropadaxili siyasi maraqların və xüsusilə təşkilatlanmış erməni diaspor qruplarının təsiri altında formalaşan siyasi sənədlər kimi qiymətləndirilə bilər: “Bu baxımdan həmin qətnamələrin qəbul edilməsi çox vaxt İrəvanın hazırkı daha praqmatik və normallaşmaya yönəlmiş siyasi xəttindən deyil, Avropa və ABŞ-də fəaliyyət göstərən erməni dairələrinin sərt və maksimalist yanaşmalarından qaynaqlanır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu fərq daha aydın hiss olunmağa başlayıb. Danışıqlar real siyasi kompromis və dövlətlərarası normallaşma mərhələsinə keçdiyi halda, diasporla əlaqəli mövqelər bəzi hallarda daha radikal xarakter alıb. Bu isə Brüssel və digər Avropa paytaxtlarının belə qətnamələrin mümkün mənfi nəticələrindən xəbərsiz olduğu anlamına gəlmir. Əksinə, bu vəziyyət Avropa Parlamentinin çox vaxt obyektiv geosiyasi reallıqlardan daha çox daxili siyasi maraqlar və elektorat hesablamaları ilə hərəkət etdiyini göstərir”.

Gil Mihaeli vurğulayır ki, Avropa İttifaqının icraedici institutlarından fərqli olaraq, Avropa Parlamenti bir sıra hallarda balanslı yanaşmadan uzaqlaşaraq siyasi mesaj platformasına çevrilir və burada normativ bəyanatlar xarici siyasətin real ehtiyaclarını üstələyir.

Bakıdan baxıldıqda, bu qətnamələr Ermənistanda maksimalist gözləntiləri təşviq edən və etimad quruculuğu prosesini çətinləşdirən addımlar kimi görünür. Ermənistan daxilində isə belə sənədlər Avropa institutlarının reallıqda mümkün olmayan siyasi mövqeləri tam şəkildə dəstəkləyəcəyi barədə yanlış gözləntilər formalaşdırır. Əslində isə burada əsas ziddiyyət ondan ibarətdir ki, Avropa İttifaqı rəsmi səviyyədə Cənubi Qafqazda sabitlik və uzunmüddətli sülhdə maraqlı olduğunu bəyan etsə də, Avropa Parlamentində qəbul olunan bəzi qətnamələr bu məqsədlə ziddiyyət təşkil edən siyasi yanaşmaları əks etdirir və daha çox daxili siyasi motivlərə xidmət edir,” deyə o, fikrini yekunlaşdırıb.

Avropa Parlamentinin Anti-Azərbaycan qətnamələri Ermənistanın da maraqlarına xidmət etmir

Ermənistanda hakimiyyətə yaxın ekspertlər də artıq daha praqmatik yanaşmanın tərəfdarı olduqlarını göstərirlər. Onlar anlayırlar ki, Ermənistanın regional kommunikasiyalara qoşulması və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi birbaşa sabitlikdən asılıdır. Buna görə də ritorikanın yenidən sərtləşməsi İrəvan üçün də risklidir.

Erməni şərhçi İşhan Verdyan qeyd edir ki, Avropa strukturlarında qəbul edilən bəzi anti-Azərbaycan qətnamələrinin Ermənistanın mövqeyindən daha çox, onları irəli sürən dairələrin siyasi maraqlarını əks etdirdiyini göstərir.

Müxtəlif Avropa strukturları tərəfindən vaxtaşırı qəbul edilən və həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı dövlətlər səviyyəsində səsləndirilən qətnamə və bəyanatlar Azərbaycana qarşı bəzən mənfi fon formalaşdırır. Lakin bu cür sənədlər əksər hallarda Ermənistanın xəbəri olmadan qəbul edilir və İrəvanda da onlar barədə Azərbaycan mediasında olduğu kimi sonradan məlumat əldə olunur. Bu isə onu deməyə əsas verir ki, həmin bəyanatlar Ermənistanın xarici siyasət maraqlarına xidmət etmir və görünür, rəsmi Ermənistan strukturları ilə də razılaşdırılmır. Deməli, belə təşəbbüslər daha çox onları qəbul edən tərəflərin öz maraqlarını əks etdirir və Ermənistan Respublikasının hazırkı siyasi kursu ilə birbaşa bağlı deyil”, deyə o, bildirib.

Verdyanın fikrincə, mövcud geosiyasi reallıqlar fonunda bu qətnamələrin regional normallaşma prosesinə təsir imkanları zəifdir və onlar getdikcə praktiki siyasi əhəmiyyətini itirir: “Bu maraqların mahiyyəti barədə müxtəlif fikirlər irəli sürmək olar. Lakin aydın görünür ki, hazırda belə qətnamələr daha çox əvvəlki siyasi xəttin davamı kimi, müəyyən inersiya ilə qəbul edilir. Əgər əvvəllər bu tip sənədlər daha intensiv şəkildə gündəmə gətirilirdisə, indi onların sayı və təsiri nəzərəçarpacaq dərəcədə azalıb. Yəni söhbət yeni məqsədyönlü strategiyadan yox, keçmiş siyasi yanaşmanın qalıqlarından gedir. Ən vacib məqam isə odur ki, bu cür bəyanatlar ən azı indiki mərhələdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə ciddi təsir göstərmir. Hazırda proses tədricən konstruktiv əməkdaşlıq mərhələsinə keçir və gələcəkdə bu qətnamələrin əhəmiyyətinin daha da azalacağı, hətta tamamilə aktuallığını itirəcəyi ehtimal olunur”.

Baş verənlər göstərir ki, Cənubi Qafqazda yeni siyasi reallıq formalaşıb və artıq əsas gündəm qarşıdurma deyil, normallaşma, regional əməkdaşlıq və davamlı sülhdür. Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyi sammitində iştirakı və verilən mesajlar Bakının sülh prosesində əsas siyasi aktor olduğunu bir daha nümayiş etdirir. Paralel olaraq, Ermənistan daxilində də daha praqmatik yanaşmanın güclənməsi diqqət çəkir. Bu fonda Avropa Parlamentində qəbul edilən bəzi anti-Azərbaycan qətnamələri regiondakı real siyasi dinamikanı deyil, daha çox Avropadaxili siyasi maraqları və erməni diaspor dairələrinin təsirini əks etdirir. Buradan çıxan yekun qənaət isə budur ki, Avropa Parlamentinin atdığı addımlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə heç bir töhfə vermir, əksinə prosesə zərbə vurur, onu sabotaj edir.

Faiq Mahmudov İlham Əliyev Avropa Siyasi Birliyi Ermənistan Nikol Paşinyan Azərbaycan Ermənistan münasibətləri Cənubi Qafqaz regional sabitlik Avropa Parlamenti sülh prosesi anti Azərbaycan qətnamələri

Xəbər Lenti