Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 13:53
Azərbaycan Mərkəzi Bankı tərəfindən bu il sığorta sektorunda dayanıqlılığın gücləndirilməsi üçün Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planının hazırlanması planlaşdırılır.
“APA-Economics” Mərkəzi Bankın “Dayanıqlı Maliyyə Hesabatı”na istinadən xəbər verir ki, AMB 2026-cı il üzrə dayanıqlı maliyyə sahəsində Yol Xəritəsinin icrasına dair strateji hədəflərini müəyyən edib.
Hədəflər maliyyə sektorunda dayanıqlılığın gücləndirilməsi, iqlim risklərinin effektiv idarə olunması və yaşıl maliyyə axınlarının təşviqini əhatə edir.
Mərkəzi Bankın planlarına əsasən, bank sektorunda dayanıqlı maliyyə üzrə bilik və bacarıqların artırılması məqsədilə ixtisaslaşmış təlim proqramlarının hazırlanması və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda seminarlar, vorkşoplar və metodoloji dəstək mexanizmləri vasitəsilə maliyyə institutlarının institusional potensialının gücləndirilməsi planlaşdırılır.
Sənəddə dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılması da əsas istiqamətlərdən biri kimi göstərilir. Bu çərçivədə yaşıl istiqraz bazarının inkişafı üçün beynəlxalq standartlara uyğun hüquqi bazanın hazırlanması, emissiya və hesabatlılıq tələblərinin müəyyənləşdirilməsi və stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur. Həmçinin sığorta sektorunda dayanıqlılığın gücləndirilməsi üçün Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planının hazırlanması planlaşdırılır.
Digər mühüm istiqamət iqlim dəyişmələri və ESG faktorlarının risklərin idarə edilməsinə inteqrasiyasıdır. Bu məqsədlə ESG Risk Radar Aləti çərçivəsində metodoloji sənədlərin hazırlanması, risklərin kredit qərarlarına inteqrasiyası, banklar üçün maarifləndirmə tədbirləri və pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda iqlim risklərinə qarşı bank sektorunun dayanıqlığının qiymətləndirilməsi üçün stres-testlərin aparılması planlaşdırılır.
Bundan başqa, maliyyə bazarlarında şəffaflığın artırılması və bazar intizamının gücləndirilməsi məqsədilə dayanıqlı maliyyə üzrə illik hesabatın hazırlanması və vahid açıqlama metodologiyasının tətbiqi planlaşdırılır. Mərkəzi Kredit Reyestrinə istixana qazı emissiyaları üzrə məlumatların inteqrasiyası da əsas hədəflər sırasında yer alır.
İlahə Səlimova Mərkəzi Bank AMB. dayanıqlı maliyyə hədəflər sığorta fəaliyyət planı Dayanıqlı Sığorta üzrə Fəaliyyət Planı