“Şəfəq” yarımstansiyası müasir rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub - FOTO

Tarix: 15 May 2026 17:30

Ölkəmizin yaşıl enerji potensialının artırılmasında Şərqi Zəngəzur İqtisadi rayonu mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələri hesabına bir sıra iri layihələr həyata keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu layihələrdən biri Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC tərəfindən inşa olunan 330 kV-luq “Şəfəq” yarımstansiyasıdır.

“AzərEnerji” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bp şirkətinin 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün mühüm infrastruktur layihələri həyata keçirilib.

Onun sözlərinə görə, Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya inşa olunub, həmçinin “Cəbrayıl” Enerji Qovşağına 7,5 kilometr uzunluğunda ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib.

Mircəlal Hüseynov qeyd edib ki, yarımstansiya müasir rəqəmsal idarəetmə sistemləri, o cümlədən mikro-SCADA dispetçer sistemi ilə təchiz olunub və mərkəzi SCADA sisteminə inteqrasiya edilib.

O qeyd edib ki, layihənin əsas məqsədi yaşıl enerjinin payının artırılması, karbon emissiyalarının azaldılması və enerji təhlükəsizliyinin gücləndirilməsidir.

Bildirilib ki, paralel olaraq Səngəçal Terminalının yaşıl enerji ilə təchizatı üçün 220 kV-luq yeni yarımstansiya da tikilib və işlər başa çatdırılıb.

Məlumata görə, ölkənin enerji sistemində yaşıl enerjinin payı son dövrlərdə artaraq bəzi günlərdə 36–41 faiz aralığında qeydə alınıb.

Qeyd olunub ki, “Böyük Qayıdış” strategiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə inşa edilən enerji obyektlərində yerli kadrların məşğulluğuna da xüsusi önəm verilir.

Elgün Gəncimsoy

Xəbər Lenti