Şənbə, 16 May, 2026
Tarix: 15 May 2026 19:06
Tatarıstan paytaxtında XVII “Rusiya – İslam dünyası: KazanForum2026” beynəlxalq iqtisadi forumu keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Kazan Expo Sərgi Mərkəzində baş tutan forumda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə həyəti təmsil edib.
Təşkilatçılar builki forumda rekord sayda - 103 ölkədən nümayəndənin iştirak etdiyini bildiriblər.
Məlumata görə, ən çox nümayəndə heyəti Türk dövlətləri - Türkmənistan, Azərbaycan, Özbəkistan, eləcə də Türkiyədən gəlib.
İslam maliyyəsi, halal sənaye, rəqəmsal texnologiya, tikinti sənayesi, logistika və turizm builki Kazan Forumunun əsas müzakirə mövzuları olub. Qeyd olunan sahələrdə əməkdaşlığı müzakirə etmək üçün biznes, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib. Bildirilib ki, Kazan forumu Rusiya Federasiyası ilə İslam dünyası ölkələri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformadır.
Forum çərçivəsində “Rusiya-İslam Dünyası” sərgisi keçirilib. Sərgidə investisiya və infrastruktur layihələri, beynəlxalq stendlər, həmçinin İslam maliyyəsi və maşınqayırma sahəsində təşəbbüslər təqdim olunub.
Azərbaycan sərgidə "Made in Azerbaijan" stendi ilə təmsil olunub. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan stendi ilə tanış olub.
Forum öz işini plenar iclasla davam etdirib.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iclasda çıxış edib. Şahin Mustafayev çıxışında Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı barədə danışıb.
Fərid Əkbərov



