Cümə axşamı, 21 May, 2026
Tarix: 20 May 2026 19:19
Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, enerji və nəqliyyat sektorlarında həyata keçirilən birgə layihələr, eləcə də gələcək prioritet istiqamətlər müzakirə olunub.
Həmçinin, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Sahil Babayev Dünya Bankı ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirərək, tərəfdaşlığın enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sosial müdafiə, məşğulluq və institusional islahatlar istiqamətlərində uğurla inkişaf etdiyini qeyd edib.
R.Prays Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, enerji infrastrukturu, iqlim dayanıqlığı, yaşıl inkişaf, sosial müdafiə, məşğulluq və insan kapitalının gücləndirilməsi istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Mənbə: apa.az