Ukrayna Çuvaşiyada hərbi zavoda raket zərbəsi endirib, Samarada neft emalı müəssisəsi yanıb

Ukrayna Çuvaşiyada hərbi zavoda raket zərbəsi endirib, Samarada neft emalı müəssisəsi yanıb

Tarix: 10 Jun 2026 11:04

Ukrayna Rusiyanın Çeboksarı və Samara şəhərlərinə raket hücumu edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, hücumdan sonra Çeboksarıda hərbi zavod və Samarada neft emalı zavodunda yanğın baş verib.

Çuvaşiya hakimiyyəti bildirib ki, Çeboksarı 10 iyun səhəri raket hücumuna məruz qalıb. Üç nəfərin yaralandığı bildirilib.

Çuvaşiya Respublikasının rəhbəri Oleq Nikolaev bildirib ki, yaralananlardan ikisi orta dərəcəli, digəri isə yüngül xəsarətlər alıb, artıq onlardan biri evə buraxılıb.

Şəhərdən çəkilən görüntülərdə tüstü buludu görünür. Hücum zamanı Çuvaşiya səmasında Ukraynanın “Flamingo” raketi görünüb.

Yerli teleqram kanalları “VNİİR-Proqress” müdafiə müəssisəsinin vurulduğunu bildirir. Zavodun inzibati binasının dağıdıldığı güman edilir. “VNİİR-Proqress” Rusiya Hərbi Dəniz Qüvvələri, aviasiya və zirehli texnika üçün naviqasiya avadanlığı istehsal edir.

Samarada “Rosneft” şirkətinə daxil olan Kuybışev Neft Emalı Zavodu “raket həyəcanı” verildikdən sonra yanğına məruz qalıb. Bu neft emalı zavodu əvvəllər də Ukraynanın hədəfi olub.

Rusiya Müdafiə Nazirliyi ötən gecə Rusiyanın regionları və Qara dəniz üzərində Ukraynanın 326 dronunun vurulduğunu açıqlayıb.

Fərid Əkbərov Çuvaşiya raket zərbəsi dron

Mənbə: apa.az

Xəbər Lenti