Ukrayna SQ “Roskosmos”un müəssisəsinə, körpülərə və anbarlara zərbə endirildiyini təsdiqləyib - YENİLƏNİB

Ukrayna SQ “Roskosmos”un müəssisəsinə, körpülərə və anbarlara zərbə endirildiyini təsdiqləyib - YENİLƏNİB

Tarix: 01 Jul 2026 12:39

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində və Moskvanın nəzarəti altındakı bölgələrdə bir sıra hərbi hədəflərə zərbələr endirildiyini təsdiqləyib.

APA xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargahın “Telegram” kanalında yaydığı məlumata görə, Rusiyanın Penza vilayətində yerləşən və "Roskosmos" dövlət korporasiyasının tərkibinə daxil olan Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutu ASC vurulub.

Bildirilir ki, müəssisədə "İsgəndər", "Kalibr" və X-101 qanadlı və ballistik raketləri üçün sensorlar, Su-34, Su-35, Tu-95MS təyyarələrinin bort sistemləri üçün komponentlər, həmçinin kəşfiyyat peykləri istehsal olunur.

Baş Qərargah, həmçinin, Donetsk vilayətinin Qranitnoye yaşayış məntəqəsi yaxınlığında Malıy Kalçik çayı üzərində yerləşən avtomobil körpüsünün, Luqansk vilayətinin Nijneteploye yaşayış məntəqəsi yaxınlığında Teplaya çayı üzərindəki dəmir yolu körpüsünün və Donetsk vilayətinin Novoçeretuvatoye yaşayış məntəqəsi yaxınlığındakı logistika keçidinin vurulduğunu açıqlayıb.

Bundan başqa Melitopolda yanacaq-sürtgü materialları anbarının, eləcə də Rusiyanın Kursk vilayətində, Donetsk və Xarkov vilayətlərində yerləşən üç maddi-texniki təchizat anbarının vurulduğu bildirilib.

Ukrayna Baş Qərargahının məlumatına görə, Zaporojye və Donetsk istiqamətlərində Rusiyaya məxsus beş pilotsuz uçuş aparatının idarəetmə məntəqəsi də məhv edilib və ya sıradan çıxarılıb.

***

10:37

Rusiyanın Penza şəhəri iyulun 1-i səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb, müəssisədə güclü yanğın başlayıb.

Bu barədə “UNIAN” zərbənin görüntülərini yayan “Exilenova+” Telegram kanalına istinadən məlumat yayıb.

Məlumata görə, hücumun hədəflərindən biri Fiziki Ölçmələr Elmi-Tədqiqat İnstitutu ASC olub. Müəssisənin ərazisində yanğın baş verdiyi bildirilir.

Qeyd olunur ki, institut təyyarə və helikopterlərin mühərrikləri, eləcə də hidropnevmatik sistemləri üçün artıq və mütləq təzyiq, xətti və bucaq yerdəyişməsini ölçən sensorların hazırlanması ilə məşğuldur.

Bundan başqa, müəssisənin istehsal etdiyi məhsulların "Bulava", "Topol-M", "Sineva" qitələrarası ballistik raketləri və "İsgəndər" operativ-taktiki raket kompleksləri də daxil olmaqla, müxtəlif silah və hərbi texnika nümunələrində istifadə olunduğu bildirilir.

Məlumatda institutun Rusiyanın "Roskosmos" Dövlət Korporasiyasının tərkibinə daxil olduğu qeyd edilir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qüvvələrinin Ufadakı neft emalı zavoduna, habelə Penza bölgəsindəki Rusiya hərbi-sənaye kompleksinin obyektinə yenidən zərbə endirdiyini bildirib.

İlqar Xudiyev Penza Rusiya dron hücumu Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti