Yalçın Rəfiyev: Azərbaycan inkişaf etməkdə olan ölkə statusunda yardım qəbul edən dövlətdən donor dövlətə çevrilib - MÜSAHİBƏ

Yalçın Rəfiyev: Azərbaycan inkişaf etməkdə olan ölkə statusunda yardım qəbul edən dövlətdən donor dövlətə çevrilib - MÜSAHİBƏ

Tarix: 29 Jul 2026 13:10

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin APA-ya müsahibəsi

- Azərbaycan COP29 Sədrliyini başa vurduqdan sonra da beynəlxalq iqlim diplomatiyasında fəallığını davam etdirir. Sizcə, bu gün Azərbaycanın qlobal iqlim gündəliyində rolu necə dəyişib?

- Bir çox dövlət COP-a ev sahibliyi etdikdən sonra öz missiyasını başa çatmış hesab edir, iqlim diplomatiyasında rolunu bununla məhdudlaşdırır. Ancaq Azərbaycan ümumilikdə beynəlxalq münasibətlərə xüsusi diqqət yetirən və çoxtərəfliliyə sadiq dövlət olaraq, öz fəaliyyətin yalnız COP29-a təşkil etməklə bitmiş saymadı, bundan sonra da fəallığımızı davam etdiririk. COP29-da qəbul olunan bir çox qərarların qalıcı miras olması bir tərəfə, eyni zamanda biz institutsional miraslar da yaratmışıq. Məsələn, Şamaxı Toplantısı bizə imkan verir ki, qlobal iqlim diplomatiyasında biz fəal dövlət olaraq qalmaqda davam edək. Yəni sualınızın konkret cavabı olaraq Azərbaycanın rolunu ev sahibi dövlətdən iqlim diplomatiyası sahəsində lider dövlətlərdən birinə transformasiya kimi xarakterizə etmək olar.

- Yalçın müəllim, tək Azərbaycan yox, Cənubi Qafqaz ölkələrində də iqlimlə bağlı problemlər müşahidə edilir. Cənubi Qafqaz ölkələri COP prosesində necə fəallıq göstərir?

- Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarını ümumilikdə götürsək, regionda ilk dəfə COP Azərbaycanda keçirilib. Bu, əslində bir neçə xüsusda əlamətdardır. Birincisi, COP29-a qədər regionda heç bir dövlət COP proseslərində fəallığı ilə seçilmirdi. Ancaq regionun iqlim, ətraf mühitlə bağlı problemləri kifayət qədərdir: Xəzər dənizinin səviyyəsinin alçalması, su problemləri, quraqlıq və s. Artıq bu problemlər özünü bariz şəkildə göstərir. Bunlar qlobal iqlim fəaliyyətində aktiv iştirakı zəruri edir. Azərbaycan ilk olaraq, COP29-a ev sahibliyi edərək burada xüsusi fəallığı ilə seçilən dövlət oldu. Eyni zamanda Cənubi Qafqazda Ermənistanda Azərbaycan nümunəsini təkrarlamaq kimi meyllər görünür. Ermənistan Azərbaycan COP-a ev sahibliyi etdikdən sonra biomüxtəliflik üzrə COP-a ev sahibliyi etməklə bağlı namizədliyini irəli sürüb və bu tədbir oktyabr ayında Ermənistanda keçiriləcək. Ancaq Azərbaycanı regiondakı digər ölkələrdən fərqləndirən xüsusiyyət Qlobal Cənubun, yəni inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin Azərbaycana eyni dərəcədə etimadının olması və Azərbaycanın onlar arasında körpü rolunu oynaya bilməsidir. Bu, yalnız bir tədbirə ev sahibliyi etməklə məhdudlaşan, o vasitə ilə fəallığı nümayiş etdirən göstərici deyil, ümumilikdə Azərbaycan diplomatiyasının, ölkə başçımızın rəhbərliyi ilə onun müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq, ölkəmizə olan etimadın göstəricisidir.

- COP29-da mühüm qərarlar qəbul edildi. Ancaq qərar başqa, icra başqa. Ümumilikdə, COP çərçivəsində qəbul edilən qərarların icra vəziyyəti Sizi qane edirmi? COP29-da qəbul olunmuş qərarların həyata keçirilməsində problemlər varmı və bu problemlərin əsas səbəblər hansılardır? Ölkələr öhdəliklərini necə yerinə yetirir?

- Bildiyiniz kimi, Bakı COP29-da qəbul edilən ən mühüm qərarlardan biri Bakı İqlim Maliyyəsi Hədəfi oldu və bu qərarla illik 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin olunması nəzərdə tutuldu. Bu, həmin dövr üçün xüsusi irəliləyiş idi. Ancaq bu qərarın icrası daha vacibdir. İcra ilə bağlı müşahidə etdiyimiz proseslər bundan ibarətdir ki, geosiyasi mənzərədə baş verən dəyişikliklər, bəzi dövlətlərin öz hərbi təhlükəsizlik xərclərini artırması və iqlimlə əlaqədar olan büdcə xərclərinin milli təhlükəsizliyə, müdafiəyə yönəldilməsi nəticəsində bu hədəfə çatmaqla bağlı hələlik optimist mənzərə yoxdur. Öhdəliklərini yerinə yetirməyən dövlətlər dedikdə, Paris Sazişinə əsasən, vəsaiti təmin etməli olan inkişaf etmiş dövlətlər nəzərdə tutulur. Onu təmin etməli olan dövlətlərdə baş verən büdcə dəyişiklikləri, iqlimlə bağlı nəzərdə tutulan vəsaitin müdafiə və təhlükəsizlik xərclərinə yönəldilməsi hazırda bununla bağlı optimist proqnoz verməyə çətinlik yaradır.

- Bunu bu ilin sonuna doğru dərc olunacaq vəsaitdə müşahidə etmək olacaq. Hələ ki, bununla bağlı istinad edəcəyimiz etibarlı mənbə yoxdur. Bu, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının hesabatlarında əksini tapır və biz ilin sonunda bu hesabatın dərc olunmasını gözləyirik.

- Artıq üçüncü dəfə keçirilən "Şamaxı Toplantısı" iqlim diplomatiyasının nüfuzlu qeyri-rəsmi platformalarından birinə çevrilib. Bu təşəbbüsün COP prosesinə verdiyi əsas töhfələr nələrdir?

- COP hər il başqa ölkələrdə keçirilir və proses ilin əvvəlindən başlayır. Hər il həmin COP-a hazırlıqla bağlı fevral ayından etibarən bir çox ölkələrdə tədbirlər keçirilir, bunlar standart müəyyən olunmuş təqvim tədbirləridir. COP prosesi çərçivəsində ilin əsas hazırlıq tədbirləri ənənəvi olaraq fevral ayında Tokioda keçirilən Yaponiya-Braziliya İqlim Dialoqu ilə başlayır. Ardınca mart-aprel aylarında Berlində Petersberq İqlim Dialoqu, may ayında isə Kopenhagendə İqlim Nazirlər Toplantısı keçirilir. İyun ayında Bonnda köməkçi orqanların sessiyası olur. Artıq biz ona nail olmuşuq ki, iyul ayında Şamaxını COP-un təqviminə daxil etmişik. Şamaxı Toplantısı artıq bu il üçüncü dəfədir ki, keçirilir və növbəti ildə COP-a ev sahibliyi edəcək Efiopiya tərəfi bu il bizdən xahiş etdi ki, gələn il də Şamaxı Toplantısını təşkil edək. Bu artıq o deməkdir ki, Şamaxı ənənəvi COP təqvimində iyul ayında öz yerini almış olacaq.

- Şamaxıda keçirilən toplantı unikal formatdır. Digər qeyd etdiyim tədbirlərin hər biri rəsmi tədbirlərdir və ölkələr həmin tədbirlərdə rəsmi bəyanatlarını səsləndirir, çox vaxt eyni mövqeyi təkrar edirlər. Burada əldə olunan nəticə COP-un danışıqlarına təsiri baxımından o qədər də effektiv olmur. Şamaxıda isə həm Azərbaycanın füsunkar təbiətinin qoynunda, vahid məkan daxilində tədbir keçirilir, iştirakçılar eyni məkan daxilində qalır, səhərdən axşama qədər müxtəlif sosiallaşma tədbirlərində bir-biri ilə ünsiyyətdə olurlar. Bu, bir çox problemli məsələlərin həllinə kömək edir. Eyni zamanda biz buna innovativ yanaşma olaraq, iqlim laboratoriyaları adlandırdığımız formatlara da bölürük ki, orada inkişaf etmiş, inkişaf etməkdə olan ölkələr eyni dərəcədə təmsil olunur və açıq fikir mübadiləsi aparılır. Bu isə onları rəsmi bəyanatları təkrarlamaq əvəzinə, daha açıq fikir mübadiləsi aparmağa sövq edir.

- Bu il Şamaxı Toplantısı Türkiyə və Avstraliyanın COP31 Sədrliyi ilə əməkdaşlıq çərçivəsində keçirildi. COP31-ə hazırlıq baxımından bu görüşdə hansı əsas mesajlar və razılaşmalar ön plana çıxdı?

- Ümumiyyətlə, hər COP-dan müəyyən gözləntilər olur. Bakı COP-undan iqlim maliyyəsi ilə bağlı, Braziliyadan adaptasiya ilə bağlı gözləntilər var idi. Bu il də bir neçə istiqamətdə qərarlar gözlənilir. Xüsusilə də ədalətli keçid üzrə fəaliyyət proqramı, adaptasiya ilə bağlı bir neçə qərar layihələri var. Ancaq Türkiyə tərəfinin fəallığı və təşəbbüsü nəticəsində Türkiyədə eyni zamanda 2035-ci ilə qədər bütün dövlətlər üçün elektrikləşmənin həddini müəyyən etmək hədəfi var. Bu qərar olacağı təqdirdə Antalya COP-u tarixdə yaddaqalan COP-lardan biri kimi xarakterizə ediləcək. Bu baxımdan Şamaxı Toplantısında ilkin istiqamətlərdə müzakirələr aparıldı, ortaq anlayışların formalaşması üçün fikir mübadiləsi edildi.

- Azərbaycan hazırda "Belem 1.5 Missiyası", "Bakıdan Belemə Yol Xəritəsi", eləcə də digər Troika mandatlarının icrasında fəal iştirak edir. Bu təşəbbüslərin qlobal iqlim gündəliyi üçün praktik əhəmiyyəti nədən ibarətdir?

- Troika mexanizminin mahiyyəti, onun məntiqi hər hansı bir təşəbbüsün davamlılığını təmin etmək üçündür. Hər COP-a ev sahibliyi və ya sədrlik edən dövlət öz gündəliyi ilə prosesə gəlir və bəzən onun qaldırdığı məsələlər növbəti COP-da yaddan çıxır. Ona görə Troikanın əsl mahiyyəti həmin məsələni ən azı 3 il gündəmdə saxlamaq üçündür. İlk Troikada Azərbaycan, BƏƏ və Braziliya ilə təmsil olundu, onun əsas hədəfi müəyyən edilmiş milli töhfələrlə bağlı dövlətlərin hesabatlarının hazırlanmasına dəstək göstərmək idi. Keçən il Belemdə isə yeni bir Troika mexanizmi formalaşdırıldı. Bu dəfə Azərbaycan, Braziliya və COP31-in sədrliyi olaraq Türkiyə, Avstraliya birlikdə idi. Onun da əsas hədəfi yenə də NDC (Nationally Determined Contributions – Milli Müəyyən Edilmiş Töhfələr) hesabatlarının hazırlanmasına, eləcə də milli uyğunlaşma planlarının hazırlanmasına dəstək göstərilməsi idi. Bizim bu Troikada olmağımız uzun illər COP prosesində fəal qalmağımızı təşviq edəcək əsas mexanizmlərdən biridir.

- Azərbaycan sentyabr ayında UNFCCC-nin İqlim Həftəsinə ev sahibliyi edəcək. Bu tədbirdən əsas gözləntilər nələrdir və onun COP31 danışıqlarına hansı təsiri ola bilər?

- Bu tədbir BMT mandatlı tədbirdir. İqlim Həftəsi Azərbaycanda bundan öncə də keçirilib, ancaq budəfəki BMT-nin İqlim Həftəsidir və buraya BMT-yə üzv dövlətlərdən 1500-ə yaxın iştirakçının qatılmasını gözləyirik. Burada 7-11 sentyabr tarixlərində 30-a yaxın tədbir keçiriləcək. Bu tədbirlərin bəziləri BMT-nin özünün əvvəlki COP qərarlarına əsasən müəyyən edilmiş mandatlı tədbirlər olacaq, bəziləri Braziliyanın COP30 sədrliyinin, Türkiyə və Avstraliyanın COP31 sədrliyinin tədbirləri olacaq. Eyni zamanda Azərbaycan da ev sahibi kimi tədbirlər təşkil edəcək. Mandatlı tədbirlərdə COP-un əvvəlki qərarlarının icrası ilə bağlı məsələlər müzakirə edilib, COP31-də gündəmə çıxarılacaq mövzuların müzakirəsinə həsr olunacaq. Xüsusilə Nyu-Yorkdakı Baş Assambleyanın əsas həftəsi öncəsində COP31-ə hazırlıq prosesinədək bu, ciddi müzakirə platforması olacaq.

- COP31 Türkiyənin ev sahibliyi və sədrliyi ilə keçiriləcək. Avstraliya isə Türkiyə ilə birlikdə danışıqlar prosesini idarə edəcək. Türkiyə əvvəlki illərdə də prosesdə kifayət qədər aktiv olan ölkədir, heç bir danışıqlar qrupunda təmsil olunmamaqla neytral orta mövqeyini saxlayıb və bu mövqedə kifayət qədər özünə etimad qazanıb. Ancaq COP ev sahibliyi və sədrliyi fərqli təcrübədir və mütləq şəkildə özündən əvvəlki sədrliklərin təcrübəsindən faydalanmağı tələb edir. Biz özümüz də COP29-dan öncə keçirilən COP28, COP27, COP26-nın təcrübələrindən faydalanmışdıq. Qardaş Türkiyə də Azərbaycanın təcrübəsindən bu istiqamətdə faydalanmaq üçün müraciət edib. İlin əvvəlindən etibarən bir neçə dəfə koordinasiya görüşlərimiz olub. Mən və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Türkiyə tərəfinin dəvəti ilə COP31-in məsləhət Şurasının üzvləri kimi prosesdə iştirak edirik. Türkiyə tərəfinə bu istiqamətdə yaxından dəstək göstəririk. Bundan sonrakı aylarda da COP31-ə qədər bir neçə dəfə koordinasiya görüşümüzün təşkili planlaşdırılır. Türkiyə tərəfi iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində kifayət qədər geniş potensialı və resursları olan dövlətdir. Ancaq danışıqların spesifikliyi bizim birgə hərəkət etməyimizi də zəruri edir. Biz digər məsələlərdə olduğu kimi qardaşlığımızı bu məsələdə də nümayiş etdiririk.

- Siz Xarici İşlər Nazirliyində beynəlxalq təhlükəsizlik, iqtisadi əməkdaşlıq, iqlim diplomatiyası və çoxtərəfli əməkdaşlıq istiqamətlərinə cavabdehsiniz. Hazırda bu sahələr üzrə Azərbaycanın əsas xarici siyasət prioritetləri hansılardır?

- İqlim diplomatiyası ilə bağlı artıq danışdıq. Ən vacib prioritetimiz bu sahədə fəal qalmaq, Azərbaycanın maraqlarını təmin etməklə yanaşı, digər ölkələr üçün onlar arasında körpü rolunu oynamaqla prosesin müsbət tərəfə doğru inkişafına yardım etməkdir. Eyni zamanda Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına hər zaman dəyərli töhfələr vermiş dövlətdir. BMT çərçivəsində həm Baş Assamblyeda, həm Təhlükəsizlik Şurasında aparılan müzakirələrə töhfələr vermişik, fəal iştirak edirik.

Biz beynəlxalq sülhməramlı missiyalarda iştirak etmişik. Hazırda isə Azərbaycan Cənubi Sudanda BMT-nin sülhməramlı missiyasına iki zabiti ilə töhfə verir. Bu fəaliyyətin əlaqələndirilməsi Beynəlxalq Təhlükəsizlik İdarəsi vasitəsilə həyata keçirilir.

Qoşulmama Hərəkatının sədri olaraq da BMT-də 4 ildən artıq 120 üzv dövləti birləşdirən qurumun koordinasiyasını aparmışıq. Eyni zamanda son zamanlar çoxtərəfli diplomatiyada Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda seçkili orqanlara seçilməsi, katiblik orqanlarında işlə təmin olunmasına dəstək məqsədilə ayrıca bir istiqaməti də inkişaf etdiririk. İqtisadi diplomatiya sahəsində Azərbaycanın Orta Dəhlizdə artan rolu, strateji mövqeyini nəzərə alaraq, bağlantılar diplomatiyası, Orta Dəhlizin daha da təşviq edilməsi ilə bağlı siyasət həyata keçiririk. Xüsusilə indiki dönəmdə dünyanın fərqli ərazilərində baş verən qeyri-sabitlik, keçid yolları ilə bağlı daşınmalarla əlaqədar ortaya çıxan problemlər kontekstində Orta Dəhlizin rolunun artması və burada Azərbaycanın rolunun önə çıxarılması mühüm inkişafdır. Fəaliyyətimiz yalnız qlobal təşkilatları əhatə etmir, eyni zamanda regional təşkilatlarda da gündəliyi fəal izləməyi ehtiva edir.

- Azərbaycan ədalətsizliyə məruz qalmış dövlətdir, beynəlxalq hüququn ən kobud pozuntuları ölkəmizə qarşı uzun illər baş verib və bunun nəticəsində Azərbaycan özü beynəlxalq hüququn icrası, onun tələblərinin yerinə yetirilməsi ilə bağlı olan boşluqları nəzərə alaraq, özü öz ərazi bütövlüyü və suverenliyini bərpa etmək məcburiyyətində qalıb. Azərbaycan ədalətsizliklə qarşılaşan dövlət olaraq, dünyanın digər bütün hissələrində də ədalətsizliyə qarşı haqq səsini həmişə ucaldıb. Bunu yalnız milli qisimdə deyil, rəhbərlik etdiyi təşkilatlarda da təşviq edən dövlət olub. Bu isə bir çox ölkədə Azərbaycana qarşı rəğbət və hörmət yaradır. Çünki bizim bir sıra məsələlərdə apardığımız prinsipial siyasəti hər kəs görə bilir. Ölkə başçımızın rəhbərliyi ilə bir çox məsələdə, hətta bizimlə yaxın tərəfdaş olan ölkələrin gündəliyində yer alan mövzularla bağlı belə, dilemma qarşısında qalsaq da, prinsipial mövqeyimizi qoruyuruq. Bu, bizim ölkəyə kifayət qədər hörmət qazandıran məsələdir. Bu hörmət bizə imkan verir ki, Azərbaycan bir çox ölkələr arasında körpü rolunu oynaya bilsin, onların etimadını qazanaraq vasitəçi rolunu oynasın. Mən düşünürəm ki, buna təsir edən məsələlərdən biri də Azərbaycanın müsəlman dövlət olmasına baxmayaraq, Qərb sivilizasiya ilə də yaxın tərəfdaşlıq etməsi, coğrafi baxımdan da Şərqlə Qərbin arasında yerləşərək hər ikisindən dəyərləri özündə ehtiva etməsidir. Bunların hər biri Azərbaycanın beynəlxalq platformalarda daha çox vasitəçi və konsensus yaradan ölkə kimi çıxış etməsinə təsir edən amillərdən biridir.

- Orta Dəhliz, enerji təhlükəsizliyi və regional nəqliyyat layihələrinin əhəmiyyətinin artdığı bir dövrdə iqtisadi diplomatiya Azərbaycanın xarici siyasətində hansı yeni imkanlar açır?

- Ümumilikdə ərazilərimiz işğal altında olduğu dövrdə Azərbaycanın iqtisadi tərəfdaşlıqları daha çox bizim məruz qaldığımız ədalətsizliyə olan yanaşma ilə qurulurdu. Yəni ərazi bütövlüyümüzə açıq dəstək verən ölkələrlə daha çox iqtisadi əməkdaşlıq qurmağa meylli siyasət aparırdıq. Ancaq artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib, hazırda Azərbaycan iqtisadi marağı olan istənilən ölkə ilə yaxından tərəfdaşlıq etməyə hazırdır. Burada iki əsas istiqamət var: ticarət əməkdaşlığı və investisiya əməkdaşlığı. Hazırda Azərbaycanın azad edilmiş ərazilərində kifayət qədər geniş investisiya imkanları var və Azərbaycanın diplomatik nümayəndəlikləri həmin ərazilərə sərmayələrin cəlb olunması istiqamətində aktiv fəaliyyət aparır. Ticarət imkanları ilə bağlı isə Azərbaycan yeni coğrafiyaları kəşf etməkdədir. Xüsusilə Afrika qitəsinə artan maraq var, Afrika ölkələrinə tez-tez səfərlər olur, eləcə də Afrika ölkələrinin rəhbərləri Azərbaycana səfər edirlər. Həm ticarət vasitələrimizin şaxələndirilməsi, həm də ölkəmizdən kənarda investisiya qoyuluşu, ölkəmizə investisiya cəlbi istiqamətində daha fəal iş aparılmasını müşahidə edirik.

- Son illər Azərbaycanın Afrika qitəsinə marağı və diplomatik fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Hansı Afrika ölkələrində yaxın illərdə Azərbaycan səfirliklərinin açılması və diplomatik şəbəkənin genişləndirilməsi nəzərdə tutulur? Yaxın perspektivdə bu istiqamətdə hansı yeni addımlar gözlənilir?

- Afrika hazırda dünya miqyasında həm əhali artımı baxımından, həm iqtisadiyyatın inkişafı, iqtisadi imkanların genişlənməsi nöqteyi-nəzərindən ən dinamik coğrafiyadır. Yaxın illərdə biz Afrikada ciddi iqtisadi artımın müşahidə ediləcəyini proqnozlaşdırırıq. Afrika ölkələrinin Azərbaycana olan etimadı, xüsusilə bizim beynəlxalq təşkilatlara olan seçkilərdə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi əsasda dəstək vermələri bu ölkələrlə iqtisadi əməkdaşlıq üçün yaxşı imkanların, siyasi-münbit zəminin olduğunu göstərir. Son 2-3 il ərzində COP-dan etibarən bir çox Afrika ölkəsinə hökumət missiyaları səfərləri etmişik. Orada geniş iqtisadi imkanlar olduğunun fərqindəyik. Bu, həm də indiyə qədər mövcud olan yaxın siyasi əlaqələri iqtisadi dividentlərə çevirməyə imkan verəcək. Eyni zamanda bizim bu ölkələrlə tərəfdaşlığımızı daha da artıraraq onların əlavə dəstəyini Azərbaycana, Azərbaycanın da dəstəyini bu ölkələrə təmin etmiş olacağıq. Bu cür inkişaf edən münasibətlər diplomatik şəbəkənin də genişlənməsini tələb edir. Hazırda Azərbaycanın 7 Afrika ölkəsində fiziki əsasda səfirliyi fəaliyyət göstərir və onlar bir qrup digər ölkədə də akkreditə olunub. Biz iqtisadi və siyasi maraqlar nöqteyi-nəzərindən, təhlükəsizlik və digər mühit məsələlərini də təhlil edərək onun genişlənməsi ilə əlaqədar təkliflər hazırlayırıq və bunun əsasında da yaxın vaxtlarda təmsilçiliklərimizin genişlənməsinin şahidi ola bilərik.

- Yaxın Şərqdə yerləşən ölkələrin bir çoxu müsəlman dövlətləridir və Azərbaycanla yaxınlığı ilə seçilir. Mən deyərdim ki, Yaxın Şərqin hazırda keçdiyi proses kifayət qədər mürəkkəbdir, onun yekunlaşmasını da gözləmək lazımdır. Ancaq bizi o ölkələrlə birləşdirən ortaq dəyərlər, ortaq tarix, islam həmrəyliyi faktoru var. Bu dəyişilməz, sarsılmaz faktorlardır. İqtisadi əməkdaşlığın şaxələndirilməsi ilə bağlı da planlarımız var. Xüsusilə Suriya ilə münasibətləri qeyd etmək istərdim. İki il öncə Suriyada ciddi dəyişikliklər baş verdi və ora ilk səfər edən ölkələrdən biri Azərbaycan olub. Mən özüm də həmin missiyada iştirak etmişdim. Ondan sonra Azərbaycan Baş nazirinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti də Suriyaya səfər etdi. Hazırda Azərbaycan Suriyaya təbii qaz ixrac edir. Azərbaycan və Suriyanın bir çox dövlət qurumları və şirkətləri arasında əməkdaşlıq aparılır. Suriyanın region üçün çox mühüm əhəmiyyəti var. Bizim fundamentini möhkəmləndirdiyimiz diplomatik nümayəndəliyimizin də fəaliyyətini bərpa etməklə daha da irəli apardığımız əməkdaşlıq yaxın vaxtlarda daha müsbət nəticələr verməyə başlayacaq.

- Ümumilikdə beynəlxalq təşkilatlarda azərbaycanlıların təmsilçiliyinin artırılmasının iki istiqaməti var. Bunun biri seçkili orqanlarda təmsilçilikdir. Yəni bizim vətəndaşlarımız və ya dövlət qurumlarımız öz əməkdaşlarının namizədliyini irəli sürür, Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimiz də həmin namizədin dəstək toplaması istiqamətində ciddi fəaliyyət aparır. İkincisi isə Katiblik orqanlarında işə qəbul məsələsidir. Yəni namizəd işə qəbul üçün müraciət edir və çox rəqabətli bir işə qəbul prosesinə daxil olur. Burada bəzən müəyyən vəzifələrdə dövlətin dəstəyinə ehtiyac yaranır. Bizim bununla bağlı gələcəkdə icra etməyi planlaşdırdığımız ciddi layihə var. Bu da ümumiyyətlə vətəndaşlarımızın işə qəbul prosesi ilə bağlı məlumatlandırılmasını nəzərdə tutur. Bununla bağlı maarifləndirmə prosesini nəzərdə tutan layihə üzərində işləyirik. Bu, ciddi yenilik gətirəcək və vətəndaşlarda dövlətin bu istiqamətdə dəstəyinə ümid yaradacaq.

- Bununla əlaqədar cənab Prezident Şuşa Qlobal Media Forumunda, eyni zamanda müxtəlif tədbirlərdə də qeyd edib ki, Azərbaycan artıq orta gücə çevrilib. Biz inkişaf etməkdə olan ölkə statusunda əvvəl yardım qəbul edən dövlət idiksə, indi artıq donor dövlətə çevrilmişik. Azərbaycan bu gün 140-dan çox ölkəyə beynəlxalq yardım həyata keçirib. Azərbaycan siyasi baxımdan güclənib, regionun ən nüfuzlu ölkələrindən biridir. Azərbaycan lideri beynəlxalq miqyasda qlobal liderlərdən biri hesab olunur. Demək olar ki, bütün ciddi çoxtərəfli məsələlərin müzakirəsinə Azərbaycan dəvət edilir. Mən deyərdim ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin töhfəsi bir yana, ancaq Azərbaycanın dünya miqyasında baş verən proseslərə, hadisələrə nümayiş etdirdiyi ədalətli mövqe onu bu qədər nüfuzlu dövlətə çevirdi. Azərbaycan hansısa məsələlərdə sırf birtərəfli mövqedən çıxış etmir, yalnız öz marağını, dostlarının marağını nəzərə almır. Azərbaycan ancaq beynəlxalq hüquq, beynəlxalq nizam, bütün dünyanın bölüşdüyü dəyərlərə üstünlük verən dövlət kimi nüfuz qazanıb.

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Firuzə Vahid Azərbaycan Xarici İşlər Nazirliyi XİN Yalçın Rəfiyev COP29 COP31 müsahibə

Mənbə: apa.az

Xəbər Lenti