- Çərşənbə, 25 Dekabr, 2024
Tarix: 23.05.2024 14:20
Şimali Kipr Türk Respublikasından olan şəhid ailələri və ictimai xadimlərdən ibarət nümayəndə heyəti bu gün Qarabağa səfər çərçivəsində Şuşa şəhərində olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, heyətə ŞKTR Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, ŞKTR-nin “Şəhid ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Əlillər Komitəsinin sədri Ahmet Akdeniz, ŞKTR-nin Türk Dövlətləri Dərnəyinin sədri Ali Akın Önder, Girne Amerikan Universiteti dekanı Boğaçhan Bayülken, ŞKTR İTÜ baş katibi Dursun Koç, “Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi”nin baş katibi Selim Terzi və digər şəxslər də daxildir.
Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri də müşayiət edir. Səfər çərçivəsində qonaqlar Cıdır düzünü, Şuşa qalasını, Xan qızı Natəvanın evini və bulağını, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.
Həmçinin Şuşada aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olublar. Qonaqlara Şuşanın qədim tarixi, mədəniyyəti və burada doğulan məşhur şəxsiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin Şuşanın işğal altında olduğu uzun müddət ərzində ermənilərin şəhərdəki tarixi abidələrə və maddi-mədəniyyət nümunələrinə qarşı törətdikləri vandalizm aktları qonaqların diqqətinə çatdırılıb. Heyətin Şuşaya səfəri başa çatıb onlar Xocalıya yola düşüb.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasından və Azərbaycandan olan şəhid ailələri qarşılıqlı səfərlərə başlayıb. Bu ilin iyul ayında Qarabağda həlak olmuş 30 şəhidin övladı da Şimali Kiprə səfər edəcək və orada yay düşərgəsində iştirak edəcəklər.
***
12.04
Şimali Kipr Türk Cümhuriyyətindən olan şəhid ailələri Şuşaya səfər edib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, şəhid ailələri bu gün Şuşa şəhərinə gəliblər. Onlar Şuşada tarixi məkanlarla və Cıdır düzü ilə tanış olacaqlar.
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətindən olan şəhid ailələri Şuşa ilə yanaşı Xocalı və Ağdamda da olacaqlar.